Sənədlərdə nəzərdə tutulsa da, vətəndaş cəmiyyəti strateji yol xəritələrinin icrasına və monitorinqinə cəlb olunmur
Bəkir Nərimanoğlu
Neftin qiyməti düşəndən sonra Azərbaycan hökuməti neftdən kənar sektora xüsusi diqqət ayırmağa başladı, qeyri-neft sektorunun müxtəlif sahələri ilə bağlı strateji yol xəritələri qəbul edildi. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” prezident fərmanında da (6 dekabr 2016-cı il) neft gəlirlərinin kəskin azalmasının ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərdiyi qeyd olunur.
Sözügedən fərmanla bu strateji yol xəritələri təsdiq edilib:
– “Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”
– “Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair strateji yol xəritəsi”
– “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”
– “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi”
– “Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”
– “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi”
– “Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi”
– “Uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi”
– “Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi”
– “Maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsi”
– “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”
– “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritəsi”.
Təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Prezident Administrasiyası, xəritələrdə nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Yol xəritəsi: vətəndaş cəmiyyəti səfərbər ediləcək
“Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə qeyd olunur ki, icra prosesinə maraqlı tərəflər səfərbər ediləcək: “Strateji yol xəritəsinin geniş şəkildə dəstəklənməsi üçün vətəndaş cəmiyyəti səfərbər ediləcək və cəlb olunacaq. Bundan əlavə fəal kommunikasiya, şəffaflıq və cəlbolunma dövlət və özəl sektorun, eləcə də bütövlükdə cəmiyyətin və digər maraqlı tərəflərin səfərbər edilməsinə kömək edəcək”.
Yol xəritələrinin qəbulu ərəfəsində vətəndaş cəmiyyəti ilə görüş keçirilsə də, icra prosesində bu baş vermir. Azərbaycanın əsas iqtisadiyyat beyinləri olan qeyri-hökumət təşkilatları (QHT-lər) bu prosesə cəlb olunmadıqlarından şikayətlənirlər.
Digər sənədlər nə deyir?
Əslində qəbul edilən digər proqram və sənədlər də vətəndaş cəmiyyəti ilə bağlı əməkdaşlığı nəzərdə tutur. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı”nda qeyd olunur ki, açıq hökumət prinsipləri daim bu strategiyanın ayrılmaz hissəsi olub və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Həmçinin qeyd olunub ki, milli fəaliyyət planı vətəndaş cəmiyyəti üzvlərinin fəal iştirakı ilə hazırlanıb və çoxsaylı ictimai dinləmələrdə müzakirə edilib.
“İctimai iştirakçılıq haqqında” qanuna görə, vətəndaş cəmiyyətinin idarəetmədə iştirakının formalarından biri də ictimai şuralardır. İctimai şura – qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur. Bu qurumun hüquqları imkan verir ki, yol xəritələrinin icrasında və monitorinqində iştirak etsinlər. Şuraların mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq, ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək, müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək, müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək kimi hüquqları var.
“Alternativ monitorinq olmalıdır”
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul deyir ki, bir beyin mərkəzi olaraq rəhbərlik etdiyi qurum yarandığı vaxtdan, yəni 1999-cu ilin iyulundan bu günədək dövlət siyasətinin ayrı-ayrı istiqamətləri ilə bağlı apardığı tədqiqat və monitorinqlərin nəticələrini dövlət orqanlarına göndərib və əksər halda tövsiyə və təklifləri həmin qurumlarla birlikdə müzakirə edib.
O əlavə edir ki, bəzi tövsiyə və təkliflər normativ aktların, praktiki mexanizmlərin təkmilləşdirilməsi məqsədilə tətbiq olunub: “Təəssüf ki, yol xəritələrinin hazırlanması və monitorinqi işinə cəlb olunmamışıq. Bildiyim qədəri ilə yol xəritələrinin monitorinqi prosesində vətəndaş cəmiyyəti iştirak etməyib”.
Qalib Toğrul hesab edir ki, vətəndaş cəmiyyətinin bu prosesə cəlb olunması alternativ monitorinq aparılması şəklində olmalıdır: “Çünki bu zaman müqayisə aparmaq imkanı yaranır, bu da müəyyən nəticələr çıxarmağa imkan verir”.
O əlavə edir ki, vətəndaş cəmiyyətinin dövlət idarəetməsində iştirakının güclənməsi məqsədilə ilk növbədə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında məşvərətçi qurum statusunda olan ictimai şuraların demokratik əsaslarla, seçki yolu ilə formlaşdırılmasına başlanmalıdır: “O zaman bu qurumlar “İctimai iştirakçılıq haqqında” qanunun və Nazirlər Kabinetinin müvafiq aktlarının tələblərinə uyğun olaraq bu tip monitorinqlərin aparılmasını müstəqil şəkildə həyata keçirə biləcəklər”.
“QHT-lər önəmli töhfələr verə bilər”
İqtisadçı ekspert Kənan Aslanlı da deyir ki, vətəndaş cəmiyyəti yol xəritələrinin monitorinq və qiymətləndirməsi prosesində aktiv rol oynaya bilər: “Xüsusilə yol xəritələrinin obyektiv, yoxlana bilən göstəricilərə əsaslanan monitorinq və qiymətləndirmə metodologiyasının hazırlanması işinə iqtisadi yönümlü araşdırma mərkəzləri və QHT-lər önəmli töhfələr verə bilərlər. Bilindiyi kimi, xəritələrin effektivliyini və təsirini izləmək və qiymətləndirmək üçün həm nəticə, həm də təsirlər üzrə müvafiq indikatorlar tələb olunur. Bu indikatorlar yol xəritəsinin məqsədləri və hədəfləri istiqamətində irəliləyiş və ya durğunluq üçün “erkən siqnal” verməlidir”.
O vurğulayır ki, məhz yerli QHT-lərin iştirakı ilə həmin indikatorlar üzrə sahə araşdırmaları vasitəsilə obyektiv məlumatlar toplana bilər: “Bu, yol xəritəsinin tədbirləri üzrə nəzərdə tutulan fəaliyyətlərin yerinə yetirilməsinin birgə monitorinq və qiymətləndirilməsinin mümkünlüyünü göstərir”.
Kənan Aslanlı hesab edir ki, beynəlxalq təcrübəyə uyğun olaraq yerli QHT-lərin iştirakı ilə hazırlanacaq monitorinq və qiymətləndirmə çərçivəsində hər bir hədəf və ya tədbirlər planı üzrə məqsəd, ümumi nəticə və daha sonra konkret fəaliyyətlər sıralana bilər.
Ekspertin fikrincə, belə metodologiyada ən önəmli element indikatorlar, onların definisiyası, başlanğıc və hədəf dəyərləri, habelə məlumat mənbəyinin qeyd olunmasıdır: “Vətəndaş cəmiyyəti üzvləri dövlətin strateji sənədlərinin icrası zamanı ortaya çıxa biləcək risklərin obyektiv qiymətləndirilməsi prosesində də iştirak edə bilərlər”.
Əslində vətəndaş cəmiyyətinin icra və monitorinq prosesində iştirakı yol xəritələrinin icrasına cavabdeh olan dövlət qurumlarının işini asanlaşdırar. Çünki görülən işlərə həm alternativ qiymətləndirmələr olar, həm də həmin dövlət qurumlarının işi yüngülləşər.
Yazı “Eastern Partnership Civil Society Facility” layihəsinin dəstəyi ilə hazırlanıb.