Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi sentyabrın 29-u Bakıda mitinq keçirib. Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçirilən aksiyada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunub.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı çıxışında deyib ki, Qarabağ Komitəsində tanınmış ictimai-siyasi xadimlər, siyasi partiyaların liderləri və üzvləri, keçmiş döyüşçülər təmsil olunur: “Mitinq torpaqlarımızın işğaldan azad olunması vasitələrindən biridir. Məqsədimiz Qarabağın işğaldan azad olunması üçün cəmiyyətin fəallığını ən yüksək həddə çatdırmaqdır. Qarabağın azadlığına çalışırıq, başqa heç bir məqsədimiz yoxdur”.
Akif Nağı hakimiyyətin Qarabağın azadlığı uğrunda atacağı real addımlara dəstək veriləcəyini deyib, beynəlxalq təşkilatları isə münaqişədə Ermənistanın tərəfini tutmaqda ittiham edib.
İstefada olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı İlham İsmayıl çıxışında ölkədə çal-çağırın davam etməsindən gileylənib, bu yolla əhalinin biganələşdirildiyini vurğulayıb. O, ATƏT-in Minsk qrupunu işğal olunmuş ərazilərdə məskunlaşmaya imkan verməməyə çağırıb.
İlham İsmayıl hakimiyyətin 1994-cü ildən bəri aparılan sülh danışıqlarının nəticəsiz qalmasına görə hesabat verməli olduğunu deyib, qeyd edib ki, münaqişənin həllində Moskvanın hər hansı dəstəyinə güvənmək əbəsdir və hakimiyyət yanlış siyasətinə son verərək xalqın Qarabağ məsələsində tam səfərbər olmasına şərait yaratmalıdır.
Aksiyada sabiq daxili işlər naziri İsgəndər Həmidov, Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ müharibəsi veteranları da çıxış ediblər.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) ələ keçirib.
Münaqişənin dinc yolla həllində ATƏT-in 1992-ci ildə yaratdığı, hazırda ABŞ, Fransa və Rusiyanın həmsədr olduğu Minsk qrupu vasitəçilik edir.