İslama iki baxışın diskussiyası
- 27 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetTribuna
Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı sentyabrın 24-də “Şəriət islamı, yoxsa Quran islamı” mövzusunda rəmzi məhkəmə keçirib. Rəmzi məhkəmədə Toğrul Mehdi Nəriman Qasımoğluna qarşı iddia ilə çıxış edib, daha sonra Nəriman Qasımoğlu iddiaya cavab verib.
Novator.az hər iki tərəfin çıxışını təqdim edir.
Toğrul Mehdi:
– Hörmətli sədr, hörmətli iştirakçılar!
Hər bir mübahisə zamanı elmin və mənəviyyatın qaydalarına əməl etdikdə yeni düşüncə perspektivləri açılır, ya da köhnə düşüncələrdə köhnə mənalar aşkara çıxır. Çox təəssüf ki, siyasi islamçılar bu adi həqiqəti qəbul etmirlər. Onlar bu cür tolerant, yaradıcı düşüncə dartışmasını bəlkə də həmfikirləri arasında qəbul edirlər, təriqətlər, dinlər arasında dialoq və dartışmanın olmasına isə yalnız o halda razılaşırlar ki, sonda qalib gəlsinlər.
Mən isə deyirəm: dialoq və mübahisənin məqsədi fikri zənginləşdirmək olanda kimin kimi üstələməsi, kimin kimə qalib gəlməsi prinsipial mənasını itirir. Demokratik ölkələrdə necədir? Bir seçkidə biri, o birisində başqası qələbə çalır. Yəni heç kimin qələbəsi əbədi qələbə kimi qəbul olunmur, hamı bilir ki, bu gün uduzan sabah əvəzini çıxa bilər. Hətta uduzan əvəzini çıxmağa qadır olmayanda dağılır və yeni yaradılmış partiya qalib gəlir. Ona görə də demokratik ölkələrdə heç kimdə qələbənin monopoliyası olmur.
Bəs islam dünyasında necədir? Şiə ilə sünni, vəhabi ilə şiə, sufi ilə ortodoks islamçı debata razı olursa, qələbə naminə razı olur. Yəni bu prinsiplə ki, mən düzəm, həqiqəti deyirəm, ona görə də qələbə mənim halal payımdır. Qalib gələcəm və bununla sübut edəcəm ki, uduzan məhv olmalıdır, ortaya çıxmağa bir də üzü olmamalıdır.
Halbuki “gəlin qəşəng söhbət edək”, “gəlin maraqlı, dərin görünmək uğrunda yarışa girək” prinsipində də debat mümkündür. Bu yarışda qabağa çıxanın qələbəsi yoldaşlıq matçındakı qələbə kimi şərti olur. Hamı bilir ki, yoldaşlıq matçında udan komanda udduğu komanda tərəfindən əsl yarışda darmadağın edilə bilər, ona görə qələbəsinə müvəqqəti hal ktmi baxır ki, sabah uduzanda ədabazlığına görə biabır olmasın.
Mən hesab edirəm ki, dinlər və təriqətlər, ateistlər və dindarlar arasında da dialoqun məqsədi “maraqlı söhbət, hamını irəlilədən yarış” olmalıdır. Sən bilməlisən ki, dialoqda bu gün sən, sabah o irəli çıxa bilər. Qələbə heç kimi azğınlaşdırmamalıdır.
Mən indi maraqlı söhbət prinsipində bizim görkəmli ilahiyyatçımız Nəriman Qasımoğlunun islam konsepsiyasına qarşı çıxacam. O hesab edir ki, müsəlman dünyasında bir çox yanlışın, geriliyin, avamlığın, terrorun səbəbi Quran islamının şəriət islamı ilə əvəzlənməsidir. Sonralar Yaşar Nuri Öztürkdə də bu yanaşmanı gördüm və təsirləndim.
Nəriman bəyin dinimiz, mənəviyyatımız üçün xidmətini bəyənərək, onun Facebook şəbəkəsində dinlə, dillə, tariximizlə, ədəbiyyatımızla bağlı yazdıqlarını yüksək dəyərləndirərək mövqeyini bəzi “əmmalar”la toqquşdurmaq istəyirəm (onu da deyim ki, Nəriman bəyin Facebook-dakı bir qeydindən sonra mən “Qətar” yox, “Qatar” yazıram).
Mən şəriəti, sünnəni, hədisləri, şiə xəbərlərini islamın dünyaya bəxş etdiyi incilər, nemətlər sayıram. Necə ki Zen pritçalarını da dünya incilərindən sayıram.
Əziz iştirakçılar, “şəriət” sözünün hərfi mənası su olan yerə aparan cığırdır. Ərəb yarımadasında suyun qıtlığı onu çox güclü rəmzə çevirdiyi üçün bizim dini mədəniyyətdə hərtərəfli “istismar” olunub. Şiələrdə su istəyənə su verməməyin necə suç sayıldığını hamımız yaxşı bilirik. Bu mənada islam dünyasında “şəriət” dirilik suyuna aparan yol kimi arqumentləşdirilib. O, söz və mənəviyyat iyerarxiyasında Qurandan aşağıdakı qatda duran nəhəng sistemdir, Allahın kitabını müsəlmanı müsəlman, müsəlman cəmiyyətini müsəlman cəmiyyəti edən parametrlər mənbəyi kimi açan vasitəçidir, yəni Allahın kitabından “suyu” insan aləminə çəkib axıdan kanaldır.
İudaizmdə Tövratın başqa adı Qanundur. Şəriətdə də Quranı müsəlman aləmi üçün hərtərəfli qanunlara, göstərişlərə, buyruqlara çevirmək funksiyası var. Məsələn, şəriət Quranın hansısa ayələrini yozaraq onların əsasında insanın şəklini çəkməyi, kişiyə ipəkdən paltar geyməyi, müsəlmana qızıl qaşıqla yeməyi yasaqlayır. Şəriətdə Quran ayələrinin bu yöndən açılmasında hədislərdən, sünnədən istifadə olunur. Onların əsasında peyğəmbərin həyatında baş vermiş hadisələr, bu hadisələr içində onun söylədiyi sözlər əlavə arqumentlər kimi istifadə olunur. Dinləyin bu hədisləri, görün necə gözəldir:
Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.
Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.
Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.
Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.
Belə gözəl fikirlərin dəyərini müsəlman üçün necə azaltmaq olar?!
Bu mənada islam dini üçün fiqhin (hüquq nəzəriyyələrinin), şəriətin, sünnənin, ictihadın, təfsirlərin rolu böyükdür. Ancaq onlar Quran ayələrini insan haqlarını pozmaq istiqamətində açanda təhlükəyə çevrilirlər. Çağdaş müsəlmanın və ya konkret müsəlman icmalarının öz möminliklərini, ibadətlərini Qurandan başqa şəriət və s. üstə qurmğa tam haqqı çatır. Ancaq onlar şəriəti başqa cür düşünən, başqa cür ibadət edən, başqa dinlərə inanan insanlar və ateistlər üzərində qələbə çalmaq üçün silaha çevirəndə günaha batırlar. Maraqlıdır ki, şəriətə belə yanaşanların tənqidi islam dünyasında həmişə olub.
Görün ortaçağ abidəsi olan “Oğuznamə”də nə deyilir: “Şəriəti mürüvvət yenib”.
Yadınıza salım ki, “mürüvvət” mərd insanın yaxşı əxlaqi sifətlərini bildirir.
“Şəriət zahirə hökm edər”. Bu, sufizmə də yaxındır. Təsəvvüf deyir ki, əhli-batinə şəriət lazım deyil, o, əhli-zahir üçündür.
Müsəlmanların bunları unudaraq şəriəti Qurana bərabər tutmaları Nəriman bəydə haqlı etiraz doğurur. Avam müsəlmanlara indi də elə gəlir ki, şəriət də Quran kimi kanonik bir kitabdır, şəriət də Quran kimi müqəddəsdir. Ancaq müsəlmanlar bu səhvlərini anlasalar, şəriət islamını islam düşüncəsinin plüralistik sistemində bir qol saysalar və qəbul etsələr ki, insanın və xalqların münasibətlərini qurmaq, qorumaq üçün demokratik yolla yaradılmış qanunlara söykənmək bəsdir, şəriətçi islamın da təhlükəsi gedər.
Bir sözlə, şəriətdən Qurana yanaşmaq könüllü olmalıdır. Kim şəriətdən çıxış edərək islamı qavramağa üstünlük versə, bilməlidir: onun istifadəsinə sərhəd qoymasa, müsəlmanlar arasında təfriqəyə səbəb olacaq, müsəlmanları başqaları ilə savaşdıracaq – bundan çəkinmək lazmdır.
Sərhəd qoyulmasa vuruşa meyillənənlər dünyada bütün ideologiyaları savaş vasitəsinə çevirərlər. Beləcə marksizm döyüş vasitəsinə çevrilmişdi, beləcə hətta büddizm kimi dinc sayılan din də Myanmada rohincaların qırılmasına səbəb olmuşdu.
Fikir vermisinizmi, elə ölkələr var ki, orada dini qurumlar siyasi partiyaların mübarizəsinə qoşulmur. Necə deyərlər, siyasi qovğalara əllərini batırmırlar. Mənəviyyatla bağlı rəylər söyləyirlər, partiyalarla bağlı yox. Quran islamının, şəriət islamının vəzifəsi belə məhdudlaşsaydı, nə islama ləkə gətirən cihadçılıq hərəkatı, nə də “Taliban” olardı.
– Hörmətli sədr, hörmətli iştirakçılar!
Bəri başdan deyim, dinimizim mahiyyətinin təbliği yönümündə zaman-zaman ifadə etdiyim və indi iddiaçının da konsepsiya kimi təqdim etdiyi mətləblərin tənqidinə öyrəncəliyəm və hazır cavablarım var. Bu cavabları burada da səsləndirəcəyəm və söhbətimizin, Toğrul bəyin iddiasında ifadə edildiyi kimi, məhz dialoq ruhunda aparılmasına çağırış var deyə güman edirəm təkrar deyəcəklərimin yeni nəsil gənclər üçün də faydası olacaq.
Keçirəm iddiada irəli sürülən tənqidlərə cavablarıma.
Tənqidin tənqidi təriqi ilə ondan başlayım ki, iddianın başlığı müəllifə problem yaradır. “Qurana söykənən islam konsepsiyası”na qarşı şəriətsevər mövqeyindən necə iddia qaldırmaq olar, bir halda ki, “Qurana söykənmək” məsələsi istər gələnəksəl, istər də yenilikçi “şəriət”çilərin mövqeyində sadəcə aparıcı məqam olaraq ən azından car çəkilir. Hərçənd bu “söykənmək” məsələsinin hədislər, “peyğəmbər sünnəsi” bucağından gerçəkləşməsi də aşkardır. Demək istədiyim odur ki, “Qurana söykənən islam konsepsiyası” irəli sürülən iddiada ən uğursuz ifadədir və iddiaçını bir qədər köməksiz durumda qoyan məqam bu ifadənin məhz başlıqda yer almasıdır.
Toğrul bəy müsəlman dünyasında yanlışların, geriliyin, avamlığın, terrorun səbəbini Quran islamının şəriət islamı ilə əvəzlənməsində gördüyümü qeyd edir və tənqidini bu mətləbin üzərində qurur.
“Şəriət”, “sünnə”, “hədislər”… Məsələ burasındadır ki, bu sözlərin hər biri gələnəksəl müsəlman şüurunda kanonikləşmiş bir məzmun qazanıb. Toğrul bəy özü də belə düşüncə yiyələrini “avam müsəlmanlar” adlandırır. Kimə məlum deyil ki, bu “avam müsəlmanlar” müsəlman toplumlarında çoxluqdadırlar və bu çoxluğun “islam şəriəti” deyib mütləq dini həqiqətlərə iddiaçı qismində çıxış edən yüksək rütbəli üləması, yəni “alimləri” də var, siyasətçiləri də.
Toğrul bəy bir yandan “şəriətçi islamın təhlükəsi”ndən əndişələnir, o biri yandan da arzulayır ki, müsəlmanlar şəriəti Qurana tay tutmaq səhvlərini anlayıb “şəriət islamını islam düşüncəsinin plüralistik sistemində bir qol” saysınlar. Söhbət təhlükədən gedirsə, məntiqli olardı ki, bunu aradan qaldırmaq barədə düşünəsən. Bu mənada təhlükəyə “islam düşüncəsinin plüralistik sistemində bir qol” rolu ayırmaq, məncə, gəlişigözəl söz yığınından başqa bir şey deyil və yetərincə absurd səslənir.
Toğrul bəy “şəriəti, sünnəni, hədisləri, şiə xəbərlərini islamın dünyaya bəxş etdiyi incilər, nemətlər” sayır və əslində bunların mahiyyətinə varmadığına görə belə deyir. Söhbət, şəksiz ki, bu sözlərin ifadə etdiyi məzmundan getmir. Toğrul bəy öz iddiasında “şəriət” sözünü bu mənada yetərincə incələyib. Doğru deyir: “Şəriətdə də Quranı müsəlman aləmi üçün hərtərəfli qanunlara, göstərişlərə, buyruqlara çevirmək funksiyası var”. Məsələ burasındadır ki, keçmişlərdə olduğu kimi çağdaş dövrdə də müsəlmanların “şəriət”i bu “qanunları”, “göstərişləri”, “buyruqları” mütləqləşdirir və Toğrul bəyin də arzusunda olduğu, əslində isə Quran islamının təklif və təlqin etdiyi plüralizmə sadəcə yer qoymur. Çünki gələnəksəl müsəlman beynində şəriət nəyi buyurursa, bunun Tanrı adıyla buyrulduğu qəbul edilir. Quran islamında isə Tanrı adıyla buyrulan “yalan danışmamaq”, “günahsız insanı qətlə yetirməmək”, “doğru sözlü, düz əməlli olmaq”, “təkəbbür göstərməmək”, “Tanrıya şərik qoşmamaq” və s. əxlaq və insani davranış qəbilindən göstərişlər istisna olmaqla, digər bütün ayrıntılar düşünməyə, idraka, elmlənməyə dəvət məzmununda olub düşüncə plüralizminə qapılar açır.
“Şəriət”i “dirilik suyuna aparan yol kimi” və bu anlamda söz kimi yox, müsəlmanların şüurunu zədələyən, saxta dindarlığı stimullaşdıran dini-ideoloji qaynaq kimi qəbul etmirəm. Və haqlıyam.
Bu qaynaq insanları Tanrı adıyla aldadaraq islamdan başqa dinə üz tutanların qətlini əsaslı bilir.
Bu qaynaq insanları Tanrı adıyla aldadaraq zinaya görə qadınların daşqalaq edilməsini əsaslı bilir.
Bu qaynaq insanları Tanrı adıyla aldadaraq Tanrının sonsuz mərhəmətinə sərhəq çəkməyi də əsaslı bilir.
Bu qaynaq insanları aldadaraq onların ən xırda məişət davranışlarını belə Tanrı adıyla normativləşdirməyi, reqlamentləşdirməyi, doqmativləşdirməyi əsaslı bilir.
Belə olan halda bu qaynaqla nə etmək olar? Şəriət islahatçıları şəriətə yeni baxışların gəlişdirilməsini, bir sıra müddəaların islam adına olan qanunlar sırasından çıxarılmasını təklif edirlər. Xoşniyyətli təkliflərdir. Toğrul bəyin də düşüncəsi, göründüyü kimi, bu təkliflərin dəstəklənməsinə köklənib. Olsun. Mahiyyətcə elə “Quran islamına söykənmək” konsepsiyamın özü də bu mənada bir yoldur, şəriətdir. Adına şərti olaraq “Quran şəriəti” də demək olar. Amma burası da var ki, “şəriət” insan azadlıqlarına qənim kəsilən məzmunda gəlişmiş bir sistem olsa da kütləvi müsəlman şüurunda bir termin olaraq müqəddəslik, toxunulmazlıq mahiyyətindədir. Müsəlmanlar bu sistemə yenidən tənqidi nəzərlə baxıb dini görüşlərini nə zamansa islah edəcəklərsə, elə mənim dediyimə gələcəklər – Quran islamına, yaxud şərti olaraq Quran şəriətinə, hədis, sünnə şəriətinə yox. Bütün problemlər bu sonunculardan qaynaqlanır.
Məsələ burasındadır ki, Quranda bu “sünnə” sözü termin kimi “peyğəmbər sünnəsi”ni bildirmir və işləndiyi təyin də Tanrıdır, peyğəmbər deyil. Yəni söhbət yalnızca “Tanrı sünnəsi”ndən gedə bilər ki, zatən Quranda da birmənalı olaraq vurğulanan budur. Niyə məhz budur? Çünki qüdsal sünnəni, qayda-qanunları peyğəmbər qoya, yarada bilməz. Niyə yarada bilməz? Çünki peyğəmbərlər də adi insanlar kimi yanlışlara yol verə bilərlər. Quran onların yanlışlarından da söz açır. Niyə bu barədə söz açır Quran? Çünki bizi peyğəmbərləri ilahiləşdirmək riskindən sığortalayır. Və bütün bunlar aşkarda ikən, Quran ayələrində aydın ifadə edilirkən, necə iddia edə bilərsən ki, müsəlman dindarlığı “peyğəmbər sünnəsi”, “hədislər” deyilənlərin əsasında qurulmalıdır? O hədislərin əsasında ki, nə Məhəmməd peyğəmbərin öz sağlığında, nə də ilk dörd raşidi xəlifəsi zamanında yazıya alınmışdı. Və indi onları oxuyanda içində nə qədər atalar sözləri qəbilindən hikmətli məqamlarla rastlaşırsansa, bir o qədər də dəhşətli, insan əleyhinə yönəlik ayrıntılarla qarşılaşırsan. Elə müsəlman “üləma”sının səhih, yəni doğru bildiyi və təbliğ etdiyi hədislərində də istənilən qədər Qurana zidd təlqinləri oxumalı olursan.
İddiaçı sadəlövhlüklə bildirir: “Kim şəriətdən çıxış edərək islamı qavramağa üstünlük versə, bilməlidir: onun istifadəsinə sərhəd qoymasa, müsəlmanlar arasında təfriqəyə səbəb olacaq, müsəlmanları başqaları ilə savaşdıracaq – bundan çəkinmək lazmdır”. Toğrul bəy də, bu məclisin iştirakçıları da bilməlidirlər ki, islamı şəriət müstəvisində qavrayan şəxs ilahi həqiqətlər kimi alğıladıqlarının təcrübədə tətbiqinə sərhəd qoymaq istədikdə öz etiqadına qarşı çıxmış olur. Çünki hazırda anlaşılan və kütlələrcə qəbul edilən “şəriət” məhz istifadə üçün, tətbiq edilmək üçün uydurulub. İstifadəsinə “sərhəd qoyulacaqsa”, bu olur başqa bir nəsnə, şəriət yox.
Qurandan çıxış edib dindarlığını gəlişdirmək istəyənlər isə, əksinə, fərqində olacaqlar ki, heç kimin Tanrı adıyla müqəddəslik müstəvisində qayda-qanun qoymaq, sünnə yaratmaq haqqı yoxdur, Tanrı mərhəməti, hikmətləri O-nun Özü kimi sonsuzdur və insan idrakını bu hikmətlərin alğılanması prosesinə qoşmaqla aldıqları iman feyzini, faydalandıqları bilgiləri, təcrübədən keçirdikləri dialoq impulslarını nə Quranda olmayan ehkamçı “peyğəmbər sünnəsi”ndən, nə Qurana mahiyyətcə zidd hədislərdən, nə şəriətdən ala bilərlər.
Hazırladı:
Dilarə Medi,
professor