“Azərbaycanda heç bir zaman şəriət dövləti qurula bilməz”
- 12 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Novator.az şəriət dövlətinin nə demək olduğu, Azərbaycanda tarixən şəriət-cəmiyyət, dövlət-din münasibətlərinin necə qurulduğu mövzusunda ekspertlərlə söhbətləri davam etdirir.
“Şəriət dövləti” mövzusu hazırda dünyada aktualdır. Bəzi radikal dini meyllər mövzunu Azərbaycanda da aktuallaşdırıb. Ölkədə dini radikalizmdə ittiham edilən şəxslərə qarşı aparılan əməliyyatlar barədə yayılan rəsmi məlumatlar da bunu təsdiqləyir. Həmin məlumatlarda dini radikalların Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq niyyətində olduqları vurğulanır.
Bu ilin iyul ayında Gəncə şəhərində baş vermiş qanlı olaylarla bağlı istər həmin ay, istərsə də sonrakı aylarda aparılan əməliyyatlar haqda yayılan rəsmi məlumatlarda da deyilir ki, bu hadisələrin törədilməsində məqsəd Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.
Xatırladaq ki, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və polis serjantına odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, bir həftə sonra isə icra hakimiyyətinin binası qarşısında bir qrup şəxsin asayiş keçşikçilərinə müqavimət göstərməsi nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini və Nizami Rayon Polis İdarəsinin rəis müavini qətlə yetiriliblər.
Məsələnin aktuallığını nəzərə alaraq Novator.az saytı “şəriət dövləti” mövzusunda ekspertlərlə söhbətlər aparır.
Redaksiya bu dəfə mövzuya tarixi aspektdən yanaşıb. Saytın suallarını Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli cavablandırıb.
– Dilavər müəllim, bu mövzuda ilk sualımız ənənəvi olaraq belədir: şəriət dövləti nə deməkdir?
– Dini münasibətləri nizama salmaq üçün müqəddəs kitablardan və yaxud inanclardan, törələrdən çıxış etməklə cəmiyyəti tənzimləyən müddəalar külliyyatı hazırlanır ki, buna da şəriət deyilir. Bizim dinimiz islam dinidir və şəriət də islam dini və hüquqi normalarının məcmusu, islam qanunları deməkdir.
İslamın namaz, oruc, həcc və digər ibadətləri, eləcə də əxlaqi hökmləri şəriət məfhumuna daxildir. Din mütəxəssisləri qeyd edirlər ki, bu termin elmi ədəbiyyatda təkcə islam üçün deyil, bəzi digər dinlər üçün də istifadə olunur. Məsələn, yəhudiliyin dini, əxlaqi və hüquqi hökmlərini ifadə etmək üçün “yəhudi şəriəti” terminindən istifadə olunur.
– Şəriət qanunları Azərbaycanda nə vaxtdan yayılmağa başlayıb?
– İslam dini Azərbaycanda könüllü şəkildə yayılıb. Bu da Azərbaycanda olan dini münasibətlərlə bağlı idi. Azərbaycan əhalisi ta qədim zamanlardan təktanrıçı inanca malik idi. Bu inanca söykənərək zərdüştlüyü qəbul etmişdi. Zərdüştlüklə atəşpərəstliyi qarışdırmayın. Bizdə zərdüştlük yetərincə öyrənilməyib. Azərbaycan üçün hədəf Tanrının təkliyi idi. Burada bütpərəstlik özünə geniş təbəqə cəlb edə bilmirdi. İslam dini Azərbaycana daxil olanda müqavilə imzalandı. Müqavilənin bir bəndi də yerli inancların saxlanması məsələsi idi. O zaman ümumən islam dinində hələ şəriət yetərincə işlənmirdi. Bu da idarəçiliyə maneələr yaradırdı. Ona görə islamın müqəddəs kitabı Qurani-Kərimdən çıxış edərək şəriət qanunlarını işlədilər. Əslində, bu hüquq idi. Çünki fiqhə söykənirdi. İmam Cəfər Sadiq zamanında islamda fiqhin əsası qoyuldu. Buradan çıxış edərək hənəfilik, şafeilik, hənbəlilik, malikilik kimi fiqh məktəbləri yarandı. Bunlar hamısı Qurani- Kərimə söykənərək müsəlmanları idarə etmək üçün şəriət qanunlarını işləyib hazırladılar. O zamandan başlayaraq Azərbaycanda şəriət qanunları yayılmağa başladı.
– Orta əsrlərdə Azərbaycanda cəmiyyət-şəriət, dövlət-din münasibətləri hansı formada olub? O dövrdə Azərbaycanın şəriət qanunları ilə idarə olunduğunu söyləmək mümkündürmü?
– İslamın yarandığı dövrdəki dini münasibətlərlə sonrakı dövrlərin dini münasibətləri kəskin fərqlənirdi. Birinci dövr Məhəmməd peyğəmbər, Raşidi xəlifələr dövrüdür. Qaydalar islam peyğəmbərinin etdiyi çıxışlar əsasında tətbiq edilirdi. Müsəlmanlar arasında ayrı-seçkilik yox idi. Bunun ardınca qeyri-qanuni şəkildə iqtidarı mənimsəyən Əməvi sülaləsi Bizans ənənələrinə söykənərək nəsli idarəetməyə üstünlük verib, islam peyğəmbərinin qoyduğu qaydaları pozdu. Sonra iqtidara gələn Abbasi sülaləsi də eyni hərəkətlərə yol verdi. Bu münasibətlər ciddi etirazlar doğurdu. Müsəlmanlar arasında ayrı-seçkilik tətbiq olundu. Məsələn, Əməvilər qeyri-ərəbləri aşağılayır, onlara işlək qul kimi baxırdılar. Müsəlman dünyasında sosial böhran dərinləşməyə başladı. Nəticədə Əməvilər sülaləsi devrildi. Onu əvəz edən Abbasilər sülaləsi verdikləri vədi unudub, öz istədikləri kimi hərəkət etməyə başladılar. Bilirsiniz ki, bu da sosial və azadlıq uğrunda mübarizələrə səbəb oldu. Yəni Azərbaycanda hesab edirdilər ki, islam dünyasında nizam pozulub. Bu nizamı yalnız Əhli-beyt nümayəndələri bərpa edə bilərlər. Elə bu məqsəd də Azərbaycan Səfəvilər dövlətinin ortaya çıxmasında müstəsna dərəcədə rol oynadı. Amma bu dövlət qədim türk ənənələrinə və sufizmə daha çox üstünlük verirdi. Şah İsmayıl Xətainin dövründə belə idi. Sonradan gördülər ki, vəziyyəti idarə etmək üçün bu yetərli deyil. Ona görə də cəfəri fiqhinə söykənərək idarəçiliyi davam etdirdilər. Amma sufizm bu dövlətin sonuna qədər davam etdi və dövlətdə həlledici mövqeyə malik idi. Çünki cəfərilikdə 12 imam əsas idi. Sufizmdə də 12 imam müqəddəs sayılmaqla, 14 məsum məsələsi xüsusi yer tuturdu. Bundan əlavə Azərbaycan ərazilərində daha çox hənəfilik, şafeilik, cəfərilik üstün idi. Onların üçü də Əhli-beytə xüsusi bağlarla bağlı idilər. Buna görə də Azərbaycan ərazilərində hansısa məzhəb qarşıdurmasının baş verməməsində bu məsələ əhəmiyyətli rola malik idi.
Ümumiyyətlə türk dünyası tarixən sufizmə meylli olub. Bu da tanrıçılıqdan irəli gəlir. Çünki sufizmdə mürşid və onun müridlərinin getdiyi yol – təriqət əsas idi ki, bu da sonda Yaradana qovuşmağa xidmət edirdi. Bu mənada deməzdim ki, Azərbaycan əraziləri tam şəkildə şəriət qanunları ilə idarə olunub. Burada qarışıq mexanizm olub. Məsələn, Səfəvilərdə sufizm əsas rol oynayıb. Sufizm isə daha çox sekulyarlığa söykənir. Yəni burada dünyəvilik də əksini tapır. Biz bu cür tarixi bir proses keçmişik.
Bütün orta əsrlər tarixi həm də din tarixidir. İstər Avropada, istərsə də, Şərqdə dövlətlərdə din başlıca yer tuturdu. Bu da idarəçiliklə bağlı idi. Onun da əsası qədim dövlətçiliyə söykənirdi. Dini təbəqə ta qədim zamanlardan dövlətdə, hakimiyyətdə ikinci yerdə gəlirdi. Dövlətin rəhbəri həm də dini rəhbər idi. Orta əsrlərdə də dövlətlərin həyatını dindən kənar təsəvvür etmək mümkün deyildi.
Onu da unutmayaq ki, din dünya yaranandan insanla yoldaş olub. Dini münasibətlər idarəçilikdə ən böyük vasitə idi. Amma Azərbaycanda mövcud olan dövlətlərin tam şəriət dövləti olması fikri ilə razı deyiləm. Düzdür, şəriətdən çıxış edib idarə edirdilər. Amma bu idarəçilik həm də özündə dünyəvi elementləri əks etdirirdi. Sonradan isə Azərbaycanın Güneyində şəriət tam şəkildə otuzduruldu. Bu da İran İslam Respublikasının yaranması ilə bağlı idi. Yəni İran İslam Respublikası Qurani-Kərimdən çıxış edərək özünün siyasi məqsədini həyata keçirdi. Bu gün İranda siyasi şiəlik mövcuddur. Bu şiəlik Qurani-Kərimdə adı keçən əsl şiəlikdən özünün siyasiliyi ilə fərqlənir. İslam Səudiyyə Ərəbistanında da siyasiləşdirilib.
– Dediklərinizdən çıxış edərək Azərbaycanda şəriət dövləti qurmaq iddiasına düşənlərə nə cavab verərdiniz?
– Azərbaycanda heç bir zaman şəriət dövləti qurula bilməz. Millətin genində bu istək yoxdur. Buraya istər İrandan, istərsə də Səudiyyə Ərəbistanından milyonlar xərcləyirlər. Amma boş şeydir. Burada bu məqsədi həyata keçirənlər terror edə bilərlər, hansısa işləri görə bilərlər, amma şəriət dövləti yarada bilməzlər. Mümkün deyil. Bunun nümunəsi Azərbaycanın Güneyidir. Baxın, orada şəriət dövlətinə qarşı dərin antipatiya var. Yaxud bizdə insanların əksəri bir vəhhabi, sələfi görəndə, yumşaq desək, buna çox mənfi yanaşır. Çünki genlərindən gələn bir etiraz var. Bu nə deməkdir? Bu o deməkdir ki, şəriət yalnız dini münasibətləri tənzimləməlidir. Şəriət ədaləti, haqqı sevən, Vətən yolunda canını belə əsirgəməyən insanlar yetişdirməyə xidmət etməlidir. Şəriət insanlığa məhəbbət aşılamalıdır. Bunu da dini müəssisələrdə yerinə yetirməlidir. Buna görə də din yalnız məscidlərdə, kilsələrdə, sinaqoqlarda fəaliyyət göstərməli, dini münasibətlər belə tənzimlənməlidir.
Din siyasiləşməməlidir. Din nədir? Din bir çərçivədir. İnsanı yalnız yaxşı əməllərə səsləyir. Amma din dövlətçilikdə əsas fiqura çevrildikdə onun təmsilçiləri dəyişir. Təmiz insanlar sıradan çıxarılır, əsas yerdə əyləşənlər də Qurani-Kərimin müddəalarını, şəriət qanunlarını öz maraqlarına tabe edirlər. Çünki nəfs hər şeyə üstün gəlir. Bu gün bunu istər İran İslam Respublikasında, istərsə də Səudiyyə Ərəbistanında görürük. Hesab edirəm ki, bu iki dövlətin timsalında müqayisə aparmaq yetərlidir.
– Demək istəyirsiz ki, din dövlətə qarışanda fəsad törədir…
– Əlbəttə. Qurani-Kərimə söykənsək, hamımız müsəlmanıq. Eyni Allaha, eyni peyğəmbərə, eyni kitaba biət edirik. Düzdümü? Amma bu gün şəriət qanunları ilə idarə olunan dövlətlərdə bu cür vəziyyət hökm sürürmü? Dünyanın şəriət qanunları ilə idarə edilməsi reallığa uyğun deyil. İnsan azaddır. Ona azadlığı verməlisən. Qurani-Kərimdə də insan faili-muxtardır. Yəni azaddır. Dini, şəriət qanunlarını seçməkdə insan azaddır. Onu məcbur etmək fəsadlar yarada bilər. Dünyada insanın azad olduğu cəmiyyətlər məqbuldur.
– Şəriət hökmləri ilə idarə olunan ölkələrin dünyəvi dövlətlərə çevrilməsi üçün tarixi zəmin varmı?
– Dindən qorxmaq lazım deyil. Din ağıllı və təmiz cəmiyyət yetişdirmək üçün düşünülüb. Dünyəvi dövlətdə dini münasibətlər daha yaxşıdır, nəinki şəriət dövlətində. Bu mənada şəriət dövlətinin dünyəvi dövlətə çevrilməsində heç bir problem yoxdur. Əsas istək odur ki, normal cəmiyyət qurasan, o cəmiyyətdə dini və dünyəvi münasibətləri tənzimləmək çətin deyil. Bu gün Vətənimiz Azərbaycandakı münasibətlər buna canlı misaldır. Ölkəmizdə dini və dünyəvi münasibətlər çox gözəl şəkildə tənzimlənir. Bu da tarixdən gələn bir ənənədir. Mənə elə gəlir ki, bütün dünya bu mənada Azərbaycandan nümunə götürməlidir.