Prezidentlər nədən danışıb?
- 07 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
“Qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik”. Prezident İlham Əliyev sentyabrın 6-sı Zaqrebdə belə bəyanat verib.
Rəsmi səfər zamanı İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçlə birgə brifinqə qatılıb. Kolinda Qrabar-Kitaroviç deyib ki, həmkarı ilə əməkdaşlığın bir sıra sahələrindəki böyük potensial haqqında danışıb: “Biz siyasi məsələlər üzrə fikir mübadiləsi apardıq, həmçinin enerji, iqtisadiyyat, mədəniyyət, elm-texnologiya, təhsil məsələləri haqqında danışdıq.
Azərbaycan və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalamışıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər.
Biz həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Azərbaycanla Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz, bu əməkdaşlığın həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etmək fürsəti yaranacaq. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcək.
Eyni zamanda, gəmiqayırma sahəsində də vacib işlər var. Bizim 6 gəmi ilə bağlı müzakirələrimiz oldu. Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam etdiriləcək və Azərbaycanla biznes potensialını tam şəkildə istifadə edə biləcəyik.
Həmçinin biz kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid edirik.
Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz kəməri layihəsində də iştirak edək. Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”.
Prezident əlavə edib ki, Xorvatiya Cənubi və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır: “Azərbaycan əslində bu təşəbbüsü dəstəkləyib. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Hesab edirik ki, 2018-ci ilin sentyabrında Buxarestdə bununla bağlı keçiriləcək zirvə görüşündə mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaq. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir”.
İlham Əliyev iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin genişləndiyini vurğulayıb: “Bu gün bir çox məsələlər müzakirə olundu. Biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin həcmi və strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda ticarət dövriyyəsi artırıla, eyni zamanda müştərək investisiya layihələri icra edilə bilər.
Energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olub. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər.
Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanıb. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılır.
Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, biz, qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik”.
Dövlət başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyib: “Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Bu, yeni sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləyib və öz dəyərli töhfəsini verib. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir.
Keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verib. Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir”.
İlham Əliyevlə Kolinda Qrabar-Kitaroviçin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərinin ardınca “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair proqram” və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu” imzalanıb.
Həmin gün Xorvatiya parlamentinin sədri və ölkənin baş naziri ilə də görüşlər keçirən İlham Əliyev səfərini başa vurub.