Çirkli hava beyinə necə təsir edir?
- 06 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in AktualXəbər
ABŞ-ın Yel Universitetinin alimləri ekologiyanın zehni qabiliyyətə təsirini araşdırıblar. Novator.az-ın məlumatına görə, araşdırma barədə rəsmi bilgidə qeyd olunur ki, 2010-2014-cü illərdə 20 min adamın əqli qabiliyyəti test üsulu ilə yoxlanıb. Alimlər test suallarına cavabları 162 inzibati dairənin hava çirkliliyi indeksi ilə tutuşdurublar. Havanın çirklənmə indeksi onun tərkibindəki kiçik toz hissəciklərinin, kükürd dioksidin və azot dioksidin miqdarına görə hesablanıb. Müşahidələr göstərib ki, zərərli maddələrin təsiri çoxaldıqca testdən keçən insanların nəticələri də pisləşib. Mütəxəssislər pis ekologiyanın mənfi təsirinin özünü daha çox dil qabiliyyətində büruzə verdiyini üzə çıxarıblar.
Tədqiqatı şərh edən isveçrəli jurnalist Feliks Ştraumann yazır ki, pis ekologiyanın insanın zehninə təsiri uzun müddət aparılmış tədqiqat nəticəsində müəyyən edilə bilər. O qeyd edir ki, İsveçdə 1500 insanın üzərində 22 il ərzində aparılan müşahidə əqli qabiliyyətin havanın çirkliliyi ilə bağlı olmadığını göstərib.
Jurnalist yazır ki, pis havanın uşaqlara təsiri ilə bağlı da birmənalı elmi nəticələr yoxdur: “Amma aparılan tədqiqatlar pis ekologiyanın uşağın zehni inkişafına mənfi təsirinin əlamətlərini üzə çıxarıb”.
Səidə Hüseynova