Sentyabrın 4-ü Pakistanda prezident seçkisi keçirilib. Yeni dövlət başçısının adı parlamentin aşağı və yuxarı palatalarının, həmçinin 4 əyalət məclisinin deputatlarından ibarət 1174 nəfərlik seçicilər kollegiyasında səsvermənin nəticələri əsasında bəlli olub.
Novator.az-ın məlumatına görə, hakim Ədalət Uğrunda Hərəkatın namizədi, parlamentin aşağı palatasının üzvü Arif Alvi iki müxalif rəqibindən çox səs alaraq dövlət başçısı seçilib.
Arif Alvi 1949-cu il iyulun 29-da anadan olub. O, ölkənin 13-cü prezidentidir.
Hazırkı prezident Məmnun Hüseynin səlahiyyətləri sentyabrın 9-da başa çatır. Pakistanda prezident beş il müddətinə seçilir.
Parlamentin aşağı palatasına – Milli Assambleyaya iyulun 25-də keçirilmiş seçkidə Ədalət Uğrunda Hərəkat qalib gəlib və digər qüvvələrlə birgə hökumət qurub. Partiyanın lideri İmran Xan ötən ay baş nazir kürsüsünə oturub.