İslam: konservatizm, yoxsa islahat?
- 16 Avqust 2018
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Bugünlərdə professor Niyazi Mehdinin başçılığı ilə Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı Bakının Maştağa qəsəbəsində islama liberal baxışlarla bağlı rəmzi məhkəmə üslubunda debat keçirib. Bu proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir.
Debat zamanı Aysu Qasımova konservativ islama qarşı nitq söyləyib, Ayan Məmmədxan isə ona opponentlik edib. Novator.az islamın modernləşdirilməsi mövzusuna həsr olunmuş debatın çağımız üçün önəmini nəzərə alaraq orada söylənən əsas ideyalarla oxucuları tanış edir.
Aysu Qasımova konservativ islama qarşı
Əziz tamaşaçılar, mən bizim mənəvi həyatımızın təməlində duran islamla bağlı iddiamın arqumentlərini sərgiləmək istəyirəm. Öncədən deyim ki, bu arqumentlər ateizmdən qaynaqlanmır. Mən ateist deyiləm, dinimizi sevirəm, bilirəm ki, o bizim milli kimliyimizin özülündə duran sütunlardan biridir. Azərbaycan ateistlərinin arasında Mirzə Fətəli kimi parlaq adamlar olsa da, bu ateizmin Azərbaycan kimiliyinin formalaşmasında rolu islama baxanda cüzi olub. Bu anlamda bizim tarixən özümüzə müsəlman deməyimiz nə qədər tənqid olunsa da, heç də əsassız olmayıb. Yadınıza salım ki, gürcülər də uzun sürə özləri haqqında “pravoslav” kəlməsini biz özümüz barəsində “müsəlman” sözünü işlətdiyimiz kimi işlədiblər. Sadəcə, “müsəlman” – düşüncəmizdə və dilimizdə milli identikliyimizdən “türk”ü sıxışdırdığı üçün Məmməd Əmin kimi müasirlik ideoloqlarında etiraz doğurmuşdu.
Bəs yaxşı, mənim arqumentlərim ateizmdən qaynaqlanmırsa, nədən əsasını götürür? Bu əsas maarifçi fəlsəfədə, 19-cu yüzilin ikinci yarısında, 20-ci yüzilin erkənlərində yazıları, eyləmləri ilə Azərbacan mənəviyyatını zənginləşdirmiş Ağaoğlu, Rəsulzadə, Əli bəy kimi parlaq adamların yaradıcılığında yer almışdı. Onlara isə öncə Mirzə Fətəli, Zərdabi, Əfqani kimi azman düşüncə adamları təsir göstərmişdi. Artıq 18-ci əsrdə Şərqin, bizimlə bağlı isə söyləsək, Azərbaycanın Avropadan geriliyi aydın olmuş və bu, vətənsevər adamlarda ciddi təşviş doğurmuşdu. Nəticədə onlar geriliyimizin səbəblərini tapmaq üçün axtarışlara çıxıblar. Bu zaman Çini, Hindistanı, Yaponiyanı, Tatarıstanı, Türkiyəni, İranı, Azərbaycanı əhatə edən geniş coğrafi məkanda belə bir ortaq düşüncə formalaşmışdı ki, Doğunun bəlası konservativ-doqmatik siyasi sistem və mənəviyyatdır, əlac isə islahatdadır. O biri ortaq düşüncə o olmuşdu ki, islahatın əsasında modernləşmə, yəni müasirləşmə, çağın çağırışlarına cavab verən addımlar durmalıdır. Beləcə, Yaponiyada Meyci islahatları başlanmışdı. Onlar həm siyasi sistemi, həm də gələnəklərin buxovlayıcı təsirlərini aradan götürməyə yönəlmişdi. Müsəlman Şərqində islahatçı ruh islamın konservativ qavranılmasından doğmuş xurafata yönəlmişdi. Əslində, araşdırıcılar belə bir suala cavab tapmalıdırlar: nəyə görə islahatçı tənqid buddizmə, induizmə yox, daha çox islama yönəlmişdi? Bir cavab budur ki, islam şəriət vasitəsilə təkcə mənəviyyatı yox, iqtisadiyyatı, siyasəti də əhatə etdiyi üçün daha geniş məkanda gəlişməni buxovlamışdı. “İslam iqtisadiyyatı” terminini buna sübut gətirirlər, çünki nə buddist, nə də induist iqtisadiyyat yoxdur.
Müsəlman Doğusunda islamda islahatlar aparmaq, onu müasirləşdirmə baxımından dəyişdirmək ideyaları ilə ilk çıxış edənlərdən biri Cəmaləddin Əfqani olmşdu (bəzi ciddi araşdırıcılar onu Azərbaycan kökənli sayırlar). Tatarıstanda Cədid hərəkatı islamda yeniliklərin vacibliyini əsaslandıran hərəkat olmuşdu. Türkiyədə Tənzimat islahat kimi islama yox, hərbə, sosial sistem və bir az da siyasi sistemə yönəlmişdi. Bizdə isə modernləşmə ideologiyası hər şeyə, hətta islama da yönəlmişdi. Azərbaycanda xurafatın, dini gerilikdən gələn avamlığın tənqidi ədəbiyyatdan tutmuş publisistikayacan bir çox sahəni əhatə etmişdi. Zakir, Sabir, Mirzə Cəlil öz əsərlərində islam adı ilə Azərbaycanda törədilmiş vəhşilikləri, faciələri göstərən parlaq səhnələr sərgiləyirdilər. “Molla Nəsrəddin” dərgisində karikaturalar bütün Şərqdə islam klerikallarını ifşa etdiyi üçün şöhrət qazanmışdı.
İlk dəfə Məmməd Əmin irəli sürmüşdü ki, dini törənlər türkcəmizdə getməlidir və deməli, türkcə “Quran” da ayinlərdə iştirak etməlidir. O dönəmdə müasirləşməyə qarşı çıxış edənlərin əsas arqumenti bu idi ki, niyə biz kafirləri – Avropanı yamsılamalıyıq?! Buna isə Məmməd Əminin cavabı belə olmuşdu: modernləşmə Allah-təalanın yeni çağa lazım bildiyi islahatdır. Sadəcə, Avropa Tanrının bu buyruğuna Şərqdən qabaq əməl edib. Onun üçün də müsəlman Doğusu müasirləşmə yolunu tutanda Avropanı təqlid etmir, Allah buyruğunu yerinə yetirir.
Bu arqument indi üçün də gücünü saxlayır, çünki İranda müasirləşmə təqlidçilik kimi damğalanaraq inkar edilir. Hətta Türkiyənin özündə də Ərbakanın əsas iddiası dünyəvi Türkiyəni yadı təqliddə suçlamaq idi. Halbuki Məmməd Əmindən çıxış edərək demək olar ki, hər çağda zamanın çağırışlarını dinləyib gərəkən nəticələri çıxarmaq, addımları atmaq Allah buyruğudur və islam möminliyi bu anlamda zamanla ayaqlaşmaq üçün dinimizdə islahatları inkar etməməlidir.
Bütün dinlərdə konservativlik, dəyişkənliyə müqavimət güclüdür. Məsələn, iudaizmdə bu səbəbdən ortodoksların böyük nüfuzu var. Pravoslavlarda da konservatizmin gücündəndir ki, malakanların təriqəti lənətlənmiş və onlar Qafqaza sürgün edilmişdilər. Fransada quqenotların qırğına məruz qalmasının səbəbi katolisizmin konservativliyindən idi. Ancaq eyni zamanda bütün dinlərdə tarix boyu islahat tendensiyalarını izləmək olar. Bu gün Azərbaycanda bölgədən-bölgəyə yas törənlərində özünü göstərən fərq aydın edir ki, islam törənlərində heç də bütün aspektlər doqmatik olmayıb. İslam tarixində müxtəlif təriqətlərin, sufizmin qollarının yaranması da islam dinamikasına dəlalət edir. Çox təəssüf ki, bu təbii prosesi, yəni islamda yeni qolların yaranmasını həmişə bir hal korlayıb: hər qol başqalarına küfr kimi baxıb. Beləcə, şiələrlə sünnilər, sünnilərlə ələvilər bir-birinə düz yoldan azmışlar kimi baxıblar. Yenilik anlamını verən “bidət” ortaçağda islam dünyasında dərin münaaqişələrə gətirib çıxaran əsas dini paradiqmalardan olmuşdu.
Bəs, yaxşı, islamda modernləşmə islahatı nələri nəzərdə tutur? Niyazi Mehdi kimi dini islahatçıların yazılarından çıxış edərək onları sadalayaq:
1. Bu islahat fəlsəfəsi insan haqlarının bir ideyasında öz əsasını tapıb: hər kəsin istədiyi dinə inanmağa, istədiyi kimi ibadət etməyə, ateist olmağa haqqı var. Bundan çıxış edərək deməliyik: islamda modernləşmə üçün bidət paradiqmasını aradan götürmək lazımdır. Heç bir təriqətin, baxışın həqiqətə monopoliyası olmamalıdır. İslamda fərqlər nifrətə gətirib çıxarmamalıdır. Bütün müsəlmanlar qəbul etsə ki, müxtəlif təriqətlər islamın zənginliyidir, bir çox dini münaqişələrin səbəbi də ortadan gedər.
2. Bütün təriqətlərdən insan haqlarını pozan, insan üzərində zorakılığa gətirən ünsürlər ləğv olunmalıdır. Qız uşaqlarından, qadınlardan niqaba qapanmağı, hicablı olmağı tələb edən qaydalar bu zorakılığa örnəkdir. Qadının çadralanması, hicablanması könüllü olmalıdır.
3. İslam yas dini yox, gənclərin dini olmalıdır, ona görə də gənclərin əyləncə istəklərinə barışqan yanaşılmalıdır.
4. Müsəlmanlar fikir plüralizminə açıq olmalıdırlar.
5. Məscidlər elmi konfranslara, debatlara açıq olmalıdır.
6. Kimsə deyə bilər ki, islam Allahın dinidir və onunla bağlı “köhnəlib, ona görə də islah etmək lazımdır” deyimi yanlışdır. Bunun cavabında biz söyləyirik: məqsədimiz islamı islah etmək deyil, çünki o həmişə müasirdir. Məqsədimiz islamı qavramağı, anlamağı müasirləşdirməkdir.
Ayan Məmmədxanın cavabı
Hörmətli sədr, hörmətli iştirakçılar, əski yunan filosofu Platon bilirsiniz niyə Misirə heyran idi? Ona görə ki, orada min il heç bir qayda, heç bir dəyər dəyişmirdi. Buna indiki dünyada konservatizm deyilir. “Konserv” sözü bugünkü məişətimizin işlək kəlməsidir. Anlamı qoruyub saxlamaqdır. Konservatizm dində, mədəniyyətdə dəyərli olanları qoruyub saxlamaqdır. Gördüyünüz kimi, konservativlik çağdaş dünyada heç də hər yerdə mənfi işarədə deyil. Ən azı yadınıza konservativ partiyaları sala bilərəm. Reyqan, Tetçer isə neokonservativ siyasilər kimi ad çıxarıblar.
Göründüyü kimi, “konservativ islam” heç də iddiaçının düşündüyü kimi yanlış və ya pis islam deyil. Mədəniyyətdə qoruma, dəyişməyə qoymamaq mexanizmləri olmasaydı, aləm dəyərdi bir-birinə. Bir düşünün, dilin normaları qorunmasaydı, hərə öz ləhcəsində yazsaydı, necə xaos olardı. Normaların, qaydaların qorunması bizim sosial həyatımızı proqnozlu edir, məsələn, bilirik ki, sabah filan vaxtda dayanacağa avtobus gələcək, təcili yardıma zəng vursan gələcək, çörəyin qiyməti 40 qəpik qalacaq. Əgər dünyamız belə proqnozlu olmasaydı, nə günə düşərdik?! Bilməzdik haçan avtobus gələcək, təcili yardımı ən çoxu nə qədər gözləmək lazımdır, sabah çörək neçəyə olacaq.
İslamda konservatizmin önəmi proqnoz edilən situasiyaların yaradılmasıdır. Dinimizdə konservatizm sayəsində islam yaddaşı formalaşaraq indiyəcən qalıb, müsəlmanlar bir-birini tanıyıb, bir-birinə dayaq olublar. “Quran”ın hamı tərəfindən mümkün qədər eyni anlanılması möminləri “Quran” ətrafında birləşdirib. Eləcə də oruc, zəkat, həcc müsəlmanları eyni törənlər əsasında birliyə gətirib. Allahın sifətləri, islamda küfrə münasibətlərin eyniliyi müsəlmanları yekdil edir. Sizin dediyiniz islahatlar isə bu yekdilliyi dağıdır, nəticədə bilmək olmur müsəlmanın bir mömin kimi başqa dində olanlardan prinsipial fərqləri nədədir. Bu mənada konservativlik islama müəyyənlik gətirir, müsəlmanları ortaq dəyərlər ətrafında birləşdirir.
İslamda konservativ təməllər əsasında birləşmədə böyük rolu şəriət oynayır. Məhz o imkan verir ki, müsəlmanlar “Quran”ı bir-birinə yaxın şəkildə anlasınlar, davranışlarnda, geyimlərində bir-birinə yaxın olsunlar. İslam konservatizmi müsəlmanların “eyni dildə” danışmasının, anlaşmasının əsasıdır. Nailiyyətləri qorumaq, insanı, mədəniyyəti, mənəviyyatı zamanın aşındırıcı təsirləri qarşısında dayanıqlı, dözümlü etmək islamın əsas vəzifələrindən biridir. Dini konservatizm məhz buna xidmət edir. Ona görə də nə qədər imamlar, pirlər, parlaq müctəhidlər özlərini islamı doğru-düzgün anlamağa həsr ediblər. Əgər dinlə bağlı həqiqət anlayışı zəruridirsə, deməli, həqiqətdən azmışları mühakimə etmək olar. Yox, əgər həqiqətin islama dəxli yoxdursa, istənilən dini debat mənasını itirir. Ünlü islam şeyxləri, övliyaları, müqəddəsləri məhz həqiqətə xidmət etməkdə ad çıxarıblar. Onlar bu xidmətlərini məhz konservativlikləri sayəsində uğurla yerinə yetiriblər.
Konservativ mədəniyyətin dəyərini Britaniya və Yaponiya açır. Hər ikisi uğurlu cəmiyyətdir. Hər ikisində milli gələnəklər göz bəbəyi kimi qorunur. Hər ikisində sosial qaydaları dəyişmək böyük çabalar tələb edir və hər ikisinin iqtisadı, kültür uğurlarının əsasında milli adət-ənənələrin qorunması durur. Hazırda islam dünyası hamı tərəfindən sayılan geopolitik amilə çevrilib. İnandırıram sizi, islam konservatizmi olmasaydı, müsəlman dünyası ilə heç kim hesablaşmazdı və o, müxtəlif qüvvələrin əlində oyuncaq olardı. Beləliklə, islam dünyasını konservatizm yox, bidət, islahat cəhdləri zəif salıb. Sufilik, vəhabilik, maarifçilik öz yenilikləri ilə islama münaqişə toxumları səpib. Onun üçün də konservativliyi arzulamaq islam üçün zəiflik deyil, əlacdır.