2018-ci ilin ilk yarısında Azərbaycan əhalisinin sayı 38 min 49 nəfər artaraq iyulun 1-nə 9 milyon 936 min 134 nəfərə çatıb. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.
Yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 66 min 166 doğulan körpə qeydə alıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz göstərilir. Hesabatda hər 100 doğulan qıza 113 oğlan düşdüyü bildirilir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
2018-ci ilin birinci yarısında ölkədə 29292 ölüm halı qeydə alınıb, 27525 nikah, 7219 boşanma rəsmiləşib.
Yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün 1859 nəfər gələn, 684 nəfər gedən qeydə alıb.
Başqa bir hesabata əsasən, iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 311,7 min nəfər pensiyaçı qeydiyyatda olub. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 219,2 manata çatıb.