Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi sabiq prezident Robert Köçəryana cinayət işi qaldırıb. Novator.az-ın məlumatına görə, Robert Köçəryan iyulun 26-sı Xüsusi İstintaq Xidmətində 3 saat ifadə verib. Bunun ardınca Xüsusi İstintaq Xidməti Robert Köçəryana bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürüb və sabiq prezidentin həbs edilməsi üçün məhkəmə qarşısında vəsatət qaldırıb.
Həmin gün “Yerkir media” telekanalına müsahibə verən Robert Köçəryan ittihamları rədd edib, hakimiyyəti siyasi qisasçılıqda günahlandırıb. O, həbsdən qorxmadığını, günahsızlığını sübut edəcəyini vurğulayıb.
Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-97-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib. Hazırda o, Rusiyanın “Sistema” investisiya şirkətinin rəhbərlərindən biridir.
2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası Dağlıq Qarabağ bölgəsində doğulmuş baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2008-ci ildə Robert Köçəryanı prezident postunda əvəzləyən Serj Sərkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə gətirilib. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib. Mayın 8-də Nikol Paşinyan baş nazir kürsüsünə oturub.
2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.
Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.
İyulun 26-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov da 1 mart 2018-ci il hadisələri ilə bağlı şahid ifadəsi verib. Yuri Xaçaturov həmin hadisələr zamanı müdafiə nazirinin müavini postunu tutub.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir. Yuri Xaçaturov bu qurumun baş katibi postuna ötən il aprelin 14-də təyin olunub.
1952-ci ildə Gürcüstanda anadan olan Yuri Xaçaturov general-polkovnikdir.
Sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyan isə axtarışdadır. İstintaqın qənaətinə əsasən, 2008-ci ildə müdafiə naziri postunu tutan Mikael Arutunyan və başqa vəzifəli şəxslər faktiki hərbi vəziyyət tətbiq edərək 1 mart 2008-ci ildə aksiyaçılara divan tutublar. Mikael Arutunyana dövlət hakimiyyətinin mənimsənilməsi ittihamı irəli sürülüb.
1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində anadan olan Mikael Arutunyan Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub.