Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə Ermənistan Xüsusi İstintaq Xidmətinin vəsatətinə baxaraq sabiq prezident Robert Köçəryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Beləliklə, iyulun 27-si səhərdən başlanan məhkəmə araşdırması günün sonunda Robert Köçəryanın həbsi ilə nəticələnib.
Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Köçəryana iyulun 26-da cinayət işi qaldırıb. Novator.az-ın məlumatına görə, Robert Köçəryan bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-97-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib. Hazırda o, Rusiyanın “Sistema” investisiya şirkətinin rəhbərlərindən biridir.
2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası Dağlıq Qarabağ bölgəsində doğulmuş baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2008-ci ildə Robert Köçəryanı prezident postunda əvəzləyən Serj Sərkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə gətirilib. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib. Mayın 8-də Nikol Paşinyan baş nazir kürsüsünə oturub.
2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.
Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.
İyulun 27-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova da 1 mart 2008-ci il hadisələrinə görə dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürüldüyü açıqlanıb. Şenqavit rayonundakı ümumi məhkəmə həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu pul girovu müqabilində və ölkəni tərk etməmək şərti ilə azadlığa buraxıb.
Yuri Xaçaturov həmin hadisələr zamanı müdafiə nazirinin müavini postunu tutub.
1952-ci ildə Gürcüstanda anadan olan Yuri Xaçaturov general-polkovnikdir.
Sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyan isə axtarışdadır. İstintaqın qənaətinə əsasən, 2008-ci ildə müdafiə naziri olan Mikael Arutunyan və başqa vəzifəli şəxslər faktiki hərbi vəziyyət tətbiq edərək 1 mart 2008-ci ildə aksiyaçılara divan tutublar. Mikael Arutunyana dövlət hakimiyyətinin mənimsənilməsi ittihamı irəli sürülüb.
1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində doğulan Mikael Arutunyan 2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olub.