İyulun 26-da Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb: “Araşdırma zamanı Faiq Quliyevin “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən ona məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün 14 iyul 2018-ci ildə İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Baş prokuror Faiq Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlayıb.
İstintaq zamanı həmçinin Faiq Quliyevin 17-18 iyulda Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı onun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində rayon prokurorluğunun inzibati binasında külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.
Faiq Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyevin vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətləri müəyyən edilib.
İstintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə baş prokurorun 25 iyul 2018-ci il əmri ilə Faiq Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ülvi Abbasov vəzifədən azad olunub.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Ülvi Abbasov 2016-cı ilin iyun ayından İsmayıllı rayon prokuroru vəzifəsini tuturdu.