Şəriət dövləti nə deməkdir?
- 24 İyul 2018
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Azərbaycanda dini radikalizm ittihamı ilə tutulanlar haqda yayılan rəsmi məlumatlarda bir məqam daima vurğulanır. Bildirilir ki, onlar ölkədə şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq niyyətində olublar.
Bu il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Rusiya vətəndaşı Yunis Səfərovla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin iyulun 6-da yaydığı rəsmi məlumatda da deyilir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
Məlum olduğu kimi, bundan bir həftə sonra – iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında növbəti qanlı hadisələr baş verib. Bir qrup şəxsin küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərməsi nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetiriliblər. Rəsmi məlumatda sözügedən qrupun da radikal dini yönümlü şəxslərdən ibarət olduğu bildirilir.
Məsələnin aktuallığını nəzərə alaraq Novator.az saytı şəriət dövlətinin nə demək olduğu, hazırda dünyanın hansı ölkələrinin şəriət qanunları ilə idarə edildiyi, belə ölkələrin bir-birindən və dünyəvi dövlətlərdən nə ilə fərqləndiyi və digər suallarla Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinova müraciət edib.
– Aqil müəllim, əsas sualdan başlayaq: şəriət dövləti nə deməkdir?
– Ənənəvi olaraq “şəriət” termini islamın dini, əxlaqi və hüquqi hökmlərinin məcmusunu ifadə edir. Bu baxımdan islamın namaz, oruc, həcc və digər ibadətləri, eləcə də əxlaqi hökmləri şəriət məfhumuna daxildir. Hətta bu termin elmi ədəbiyyatda təkcə islam üçün deyil, bəzi digər dinlər üçün də istifadə olunur. Məsələn, yəhudiliyin dini, əxlaqi və hüquqi hökmlərini ifadə etmək üçün “Yəhudi şəriəti” terminindən istifadə olunur.
Lakin xüsusən XX əsrdə meydana çıxmış siyasi islami hərəkatlarla birlikdə “şəriət” kəlməsi bu geniş məna ilə yanaşı daha dar mənada da istifadə olunmağa başladı. Bu, dar mənası ilə şəriət islam dininin dövlətin hüquq sistemi ilə əlaqəli olduğu iddia edilən hökmlərini ehtiva edir. “Şəriət dövləti” termini də şəriətin məhz bu dar mənada istifadəsinə əsaslanır və daha çox XX əsrdə islam dünyasında yaranmış “Siyasi islamçılıq”la sıx əlaqəlidir. Şəriət dövləti dedikdə dünyəvi qanunlarla deyil, islam dininə aid olduğu iddia edilən qanunlarla idarə olunan dövlət nəzərdə tutulur.
Ancaq qeyd etmək lazımdır ki, islam dünyasında bir çox din alimi şəriəti təkcə dövlətin idarəsinə aid qaydalarla məhdudlaşdıran düşüncəyə qarşı çıxaraq bu termini ənənəvi mənada istifadə etməyə davam edirlər. Müasir dövrdə yaşayan bəzi islam alimləri həmçinin “şəriət dövləti” termini ilə də razılaşmır və dinin məqsədinin dövləti idarə etmək deyil, inanc, ibadət və əxlaqa dair ilahi hökmləri insanlara çatdırmaqdan ibarət olduğunu irəli sürürlər.
– Hazırda dünyanın hansı ölkələri şəriət qanunları ilə idarə olunur?
– Şəriətlə idarə olunduğu iddia edilən dövlətlər ikiyə bölünür. Birinci qismə dövlət hüquq sisteminin əksər sahələrində “şəriət hüququ”nun tətbiq olunduğu dövlətlər aiddir. Bunlara İran, Səudiyyə Ərəbistanı və Sudan kimi ölkələri nümunə göstərmək olar.
İkinci qismə isə qarışıq hüquq sisteminə malik olan dövlətlər aiddir. Bu dövlətlərdə “şəriət hüququ” hakim hüquq sistemi olmasa da, bəzi sahələrdə tətbiq olunur. Yaxın Şərqin, Cənubi və Cənub-Şərqi Asiyanın və Afrikanın müsəlman ölkələrinin bir çoxunun hüquq sistemlərini buna nümunə göstərə bilərik.
İslam dünyasında sırf dünyəvi hüquqa əsaslanan xeyli dövlət də mövcuddur. Azərbaycan, Türkiyə, Mərkəzi Asiya respublikaları, Albaniya, Bosniya və Herseqovina, Çad, Burkina-Faso kimi dövlətlərin hüquq sistemləri dünyəvi xarakterlidir.
– Şəriətlə idarə olunduğunu bəyan edən ölkələrin hüquq, təhsil, səhiyyə sistemləri və digər sahələri dünyəvi dövlətlərdəkindən nə ilə fərqlənir?
– Dünyəvi dövlətlərdən fərqli olaraq belə ölkələrdə qeyd olunan sahələrin hamısı və ya bir qismi “şəriət qanunları” ilə tənzimlənir.
– Bəs şəriət qanunları idarə edilən ölkələr bir-birilərindən də fərqlənirmi? Məsələn, Səudiyyə Ərəbistanı və İran İslam Respublikası, yaxud Pakistan, Əfqanıstan bir-birindən nə ilə fərqlənir?
– Səudiyyə Ərəbistanı və İran İslam Respublikasında hakim hüquq sistemi “dini hüquq” və hətta müəyyən bir məzhəbə əsaslanan hüquq sistemidir. Pakistan və Əfqanıstanda isə “dini hüquq” hər sahədə deyil, müəyyən sahələrdə tətbiq olunur. Pakistanın hüquq sistemi bir çox cəhəti ilə Böyük Britaniyanın hüquq sistemindən təsirlənib.
– Şəriət qanunlarına əsaslanan ölkələrin ideologiyasında hansı məzhəblər dominantlıq təşkil edir?
– İranda şiəlik (cəfərilik), Səudiyyə Ərəbistanında sələfilik (vəhhabilik), Pakistan və Əfqanıstanda isə hənəfilik üstünlük təşkil edir.
– Məzhəb fərqləri və şəriət hökmlərindəki fərqlər: bu barədə nə deyə bilərsiz?
– Klassik islam məzhəblərinə aid edilən şəriət hökmləri arasında oxşarlıqlarla yanaşı fərqliliklər də mövcuddur. Hər məzhəbin özünəməxsus hökm əldə etmə metodologiyası mövcuddur. Məsələn, 4 sünni məzhəbində (hənəfilik, şafeilik, malikilik, hənbəlilik) şəri hökmlərin mənbəyi “Quran”, Məhəmməd peyğəmbərin sünnəsi, icma və qiyas prinsipləridir. Şiə (cəfəriyyə) məzhəbində isə bu mənbələr “Quran”, 14 məsumun (Məhəmməd peyğəmbər, qızı Fatimə və 12 imam) sünnəsi, icma və ağıl kimi qəbul olunub.
– Azərbaycan tarixin hansı dövrlərində şəriət qanunları ilə idarə olunub?
– İstər Azərbaycan Xalq Cümhuriyyətinin, istərsə də Azərbaycan Respublikasının hüquq sistemləri dünyəvi xarakterlidir. Orta əsrlərdə isə dünyanın əksər bölgələrində olduğu kimi, islam dünyasında və eləcə də Azərbaycanda “dini hüquq”-“dünyəvi hüquq” bölgüsü mövcud deyildi. Orta əsrlərdə Azərbaycanda qurulmuş dövlətlərə diqqət yetirdikdə bu dövlətlərin əksəriyyətinin xüsusilə cəza və ailə hüququna aid məsələlərdə islamın müəyyən hüquq məktəblərini əsas aldıqlarını, lakin bunları da heç vaxt qatı şəkildə tətbiq etmədiklərini görürük.