Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi tədbirlərinə sərəncam verib. Sənəddə qeyd olunur ki, Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin var, eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir: “Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir”.
Avqustun 1-də qüvvəyə minəcək sərəncamla Xarici İşlər Nazirliyinə Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti təklifləri dəyərləndirib “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini 2018-ci il dekabrın 1-dən gec olmayaraq prezidentə təqdim etməlidir.