Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqlənib. Novator.az-ın məlumatına görə, iyulun 16-da imzaladığı fərmanda prezident İlham Əliyev Nazirlər Kabinetinə elektrik qurğularının quraşdırılması qaydasını; elektrik və istilik qurğularının texniki istismar qaydasını; elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasını; elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını; yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını doqquz ay müddətində müəyyən etməyi tapşırıb.
Qaydaya əsasən, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarəti Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. Agentliyin elektrik və istilik enerjisi, qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək aşağıdakı səlahiyyəti var.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2017-ci ilin dekabr ayında yaradılıb. Qurum Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir.