“İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində “Landmark” otelində gənclərin sosial mövzulara həsr etdiyi təşəbbüslərin təqdimat mərasimi keçirilib.
Layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə icra edilir.
İctimaiyyət üçün açıq olan təqdimat mərasimində “İnkişaf zamanı” proqramının tərəfdaşları, təlimçiləri, iştirakçıları, mentorları və xarici ölkələrin ölkəmizdəki missiyasının nümayəndələri iştirak ediblər.
“İnkişaf zamanı” proqramı çərçivəsində reallaşdırılan “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin başlıca məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadəni təşviq etməkdir.
Təqdimat mərasimində “İnkişaf zamanı” proqramının əlaqələndiricisi Nailə İsmayılova iştirakçılara proqram haqqında ətraflı məlumat verib və gənclərin həyata keçirdiyi sosial təşəbbüslərin əhatə dairəsindən danışıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Heydi Smit gənclərin sosial məsələlərin işıqlandırılmasında fəal iştirakının əhəmiyyətindən söz açaraq qeyd edib ki, bu həm gənclərin, həm də ölkənin inkişafında əhəmiyyətli məqamdır.
“MitOst” Assosiasiyasının proqram rəhbəri Sebastyan Vehirsiq gənclərin toxunduğu məsələlərin ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb və gənclərin sosial məsələlərin həllində rolunu yüksək qiymətləndirib.
Daha sonra proqram iştirakçıları həyata keçirdikləri sosial təşəbbüsləri incəsənət nümunələrindən istifadə etməklə tədbir iştirakçılarına çatdırıblar. “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində gənclərdən ibarət 10 komanda işləyib və komandalar bir sıra sosial məsələlər, o cümlədən ekoloji, sosial bərabərsizlik, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası, heyvanlara qayğı, qadın bərabərliyi, valideyn himayəsindən məhrum olan uşaqlarla iş və başqa mövzularda tədbirlər keçirib, mövzuya dair sosial çarxlar hazırlayıblar. Təşəbbüslər Bakı da daxil olmaqla Azərbaycanın bir sıra rayon və şəhərlərində həyata keçirilib.
Sonda iştirakçılar diplomlarla təltif olunub. Beləliklə, onlar proqramın 175 nəfərə yaxın gəncdən ibarət məzun şəbəkəsinə daxil olublar.