İsveçrənin UBS bankı dünyanın 77 şəhərində aylıq yaşayış dəyərini hesablayıb. Novator.az-ın məlumatına görə, tədqiqat müəllifləri dörd nəfərlik ailənin ev kirayəsi istisna olmaqla minimum mal və xidmət üzrə xərclərini əsas götürüblər.
Hesablamaya əsasən, ən bahalı şəhər İsveçrənin Sürix şəhəridir. Həmin ölkənin Cenevrə şəhəri ikinci, Norveçin paytaxtı Oslo üçüncü yerdə göstərilir.
İlk beşlikdə Danimarkanın paytaxtı Kopenhagen və ABŞ-ın Nyu-York şəhəri də var.
UBS bankı bildirir ki, Sürixdə dörd nəfərlik ailənin bir ay yaşaması üçün (ev kirayəsi istisna olmaqla) 4260 dollar xərc tələb olunur.
Cenevrədə bu göstərici 4165 dollar, Nyu-Yorkda 3673 dollardır.
Reytinq cədvəlində ən ucuz şəhər kimi Misirin paytaxtı Qahirə yer alır. Bu şəhərdə dörd nəfərlik ailənin ayda 1272 dollar xərci çıxır.
Böyük Britaniyanın paytaxtı London siyahıda 8-ci, Fransanın paytaxtı Paris 12-ci, İtaliyanın paytaxtı Roma 28-ci, Almaniyanın paytaxtı Berlin 30-cu, İspaniyanın paytaxtı Madrid 34-cü yerdə qərarlaşıb.
Bahalıq reytinqində keçmiş SSRİ məkanından Tallin 41-ci, Sankt-Peterburq 51-ci, Moskva 54-cü, Vilnüs 57-ci, Riqa 58-ci, Kiyev 75-ci yerdə göstərilir.
Türkiyənin İstanbul şəhəri 67-ci sırada qərar tutub.
Səidə Hüseynova