Ermənilərin ən böyük xeyriyyə təşkilatı olan “Ayastan” beynəlxalq fondunun direktoru Ara Vardanyan istefa verib. Novator.az-ın məlumatına görə, Ara Vardanyan istefasını ona irəli sürülmüş ittihamlarla əsaslandırıb.
Ötən həftə Ermənistan Milli Təhlükəsizlik Xidməti Ara Vardanyanı tutub. O, “Ayastan” fondunun vəsaitlərini şəxsi məqsədlər üçün istifadədə təqsirləndirilir. Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, Ara Vardanyan “Ayastan” fonduna məxsus vəsaitlərdən kazinoya 130 milyon dram pul qoyub.
Ara Vardanyan Milli Təhlükəsizlik Xidmətinə ifadəsində “Ayastan” fondundan aldığı kredit kartından 25 milyon dramı şəxsi məqsədlər üçün xərclədiyini, o cümlədən kazinoya qoyduğunu etiraf edib.
1 milyon dram girov müqabilində sərbəst buraxılan Ara Vardanyan iyulun 9-u axşam istefa verdiyini bəyan edib. İstefa ərizəsinə fondun Himayəçilik Şurasında baxılacaq.
1992-ci ildə yaradılmış “Ayastan” fondu indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 350 milyon dollara yaxın vəsait toplayıb.
“Ayastan” fondunun Himayəçilik Şurasına Ermənistan prezidenti başçılıq edir.