Qubanın Xınalıq kəndinin sakini Rəhman Sərkərov son 18 ildə öz evində dünyanın 60-dan çox ölkəsindən 2 minə yaxın turisti qarşılayıb. AZƏRTAC-ın bölgə müxbirinə danışan Rəhman Sərkərov deyib ki, ailə büdcəsini yalnız kənd turizmindən qazanmaqla formalaşdırır.
48 yaşlı Rəhman Sərkərov turizm sahəsi ilə 2000-ci ildən məşğuldur. Quba Turizm İnformasiya Mərkəzi və Bakıda fəaliyyət göstərən turizm agentlikləri ilə əməkdaşlıq edir. Əməkdaşlıq etdiyi şirkətlər Xınalıqda istirahət etmək istəyən turistləri onunla əlaqələndirir. Bununla yanaşı Rəhman Sərkərov bir sıra xarici turizm saytında evini turistlərə kirayə verməsi barədə elanlar da yerləşdirib. Bu elanlar əsasında ona müraciət edənlər kifayət qədərdir.
Rəhman Sərkərov deyir ki, əvvəllər xarici dil bilmədiyindən bəzi çətinliklərlə üzləşdiyindən son bir neçə ildə ingilis dilini də öyrənməyə başlayıb, artıq xarici dili turistlərlə anlaşacaq səviyyədə mənimsəyib.
Əcnəbi turistlər daha çox ona yay aylarında müraciət edirlər. Bir ay ərzində ən azı 15-20 sifariş alır.
Turizm şirkətləri vasitəsilə gələn əcnəbilər daha çox olsa da onlar Xınalığa qısa müddətə səyahət edirlər. Həmin turistlər kənddə qalmır və yalnız bələdçi xidmətinə ehtiyac duyurlar.
Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndini görməyə gələnlər bir gün üçün 15 manat ödəməklə Rəhman Sərkərovun evində qala bilərlər. Bura gündə 3 dəfə yemək də əlavə olunsa, qiymət 30 manata qalxır.
Ev internetlə təmin olunub. Bundan əlavə Rəhman Sərkərov turistlərə bələdçilik edərək onları Xınalıq, eləcə də ətrafdakı Qırız, Haput, Cek, Buduq kəndləri ilə tanış edir.
Rəhman Sərkərov evində qalan turistlər üçün xatirə kitabı da hazırlayıb. Kanada, İndoneziya, Çin, Yaponiya, Avstraliya və onlarla başqa uzaq ölkədən gələn əcnəbi qonaqlar bu kitabda xoş təəssüratlarını qeyd ediblər. Atıq 3 kitabda 1000-dən çox turistin Azərbaycan səyahətləri barədə təəssüratları toplanıb. Bu yaxınlarda həmin fikirlərdən seçmələrin yer aldığı kitab çap olunacaq. Bu kitab Azərbaycana, xüsusilə də Xınalıq kəndinə gəlmək istəyən turistlər üçün məlumat xarakteri daşıyacaq.