Enerji müşavirəsində sərt sözlər
- 05 İyul 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Prezident İlham Əliyev iyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirib. O qeyd edib ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaranıb: “Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib. Mənim sərəncamımla məsələni araşdırmaq üçün dövlət komissiyası yaradılıb və komissiya öz işinə başlayıb. Komissiya qarşısında bir neçə vəzifə qoyulub. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.
İyulun 3-ü axşam saatlarında enerjinin verilməsi yenidən kəsildi. Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddət ərzində enerjinin verilməsi bərpa edildi. Mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bütün dövlət orqanlarının nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər və biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş verməyib”.
Dövlət başçısı deyib ki, iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır: “Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib – Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda bölgələrdə su elektrik stansiyaları yaradılıb. Yəni bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.
Baş nazirin birinci müavini, qəzanın səbəblərini araşdıran komissiyanın sədri Yaqub Eyyubov deyib ki, “Azərbaycan İstilik Elektrik Stansiyası”nın 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən min kiloqrama qədər yağ ətrafa axıb, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub: “Həmin kabellərin uzun illərdir istismar edilməsi yanğının intensivliyini bir qədər də artırıb. Eyni zamanda qəza baş verən vaxtda bu yarımstansiyaya xidmət edən stansiyanın 6-cı blokunda iş dayanıb, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş verib. Hər iki yanğın söndürülüb. Bütün bunların nəticəsində işlək vəziyyətdəki enerji blokları və hava xətlərində qəza açılışları olub, stansiyada gərginlik tam itib və ölkənin elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayanıb, stansiyanın avtomatika və idarəetmə sistemi pozulub. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin rayonlarının elektrik enerjisi təminatında fasilə yaranıb”.
İyulun 3-ü axşam enerji sistemində yenidən baş verən açılmalara da toxunan Yaqub Eyyubov qeyd edib ki, iyulun 4-də saat 4 radələrində ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunub, Rusiya və Gürcüstandan da əlavə elektrik enerjisi alınıb.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev çıxışında son günlər, gündəlik enerji istehlakının 50-55 milyon kilovat-saatdan 70-75 milyon kilovat-saata qalxdığını vurğulayıb.
İlham Əliyev onun sözünü kəsərək deyib: “Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi – bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz sadəcə olaraq utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz”.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilk hadisə zamanı Mingəçevir İstilik Elektrik Stansiyasına getdiyini deyib: “Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılıb və qabağında olan kanallarda kabelləri yandırıb. Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib. Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmayıb. Ərazi quru otlardan təmizlənməyib. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, – düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, – Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olub, dünən isə 26 dərəcə idi. Yəni bu, soyutma işlərinə maneçilik törədir.
Cənab prezident, Siz çox düzgün qeyd etdiniz ki, oradakı hər hansı bir yarımstansiyada qəza olduğu halda nəinki sistem çökməməlidir, heç o stansiyanın digər bloklarında da başqa bir şey olmamalıdır.
Elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir. Biz orada energetiklərlə söhbət etdik və soruşduq ki, niyə ikinci dəfə blok çökdü. Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı. Yəni biz digər qurumlarla birgə hərə öz kanalından istifadə etdi ki, qəza hansı tərəfdən olub. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub və ona görə burada açılıb. Biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə olub. Biz illər boyu yazdığımız məsələləri dünən Baş Prokurorluğa, eyni zamanda Daxil İşlər Nazirliyinə təqdim etdik.
Orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi bu stansiya fiziki və mənəvi cəhətdən köhnədir. Vəsait ayırıb onu təmir etməzdən əvvəl bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir-birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, hər hansı bir yarımstansiyada, elektrik stansiyasında qəza baş verdikdə ölkədə problem yaşanmasın”.
Səhiyyə nazir Oqtay Şirəliyev çıxışında deyib ki, bütün xəstəxanalarda generator sistemləri quraşdırılıb, hər yerdə generatorlar işləyib, tibbi xidmət göstərilib.
Baş prokuror Zakir Qaralov deyib ki, baş vermiş qəza ilə bağlı cinayət işi qaldırılıb: “Cinayət işi yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə qaldırılıb, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda istintaq-əməliyyat qrupu hadisə yerində təxirəsalınmaz tədbirlər həyata keçirir. Hadisə yerinə baxış keçirilib, müvafiq sənədlər götürülüb və artıq hadisənin başvermə səbəbləri ilə bağlı dindirmələrə başlanıb.
Mənə verilən ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub. 1994-cü ildə müvafiq layihə işlənib, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulub. Həmin məsələ icra olunmayıb. Belə bir halda gərginlik azalmaqla cərəyan artıb.
Qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmayıb. Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər”.
İlham Əliyev yekun sözündə strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də toxunub: “İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da işlək vəziyyətdə olmayıb.
O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”.