Gülnar Səlim
Jurnalistika və fəallıq – media nümayəndələrinə çox yaxın anlayışlardır. Hazırda bu nəinki Azərbaycanda, dünyada da müzakirəsi və mübahisəsi davam edən mövzulardan biridir.
Müzakirələrin başlıca səbəbi aktivizmin, yəni ictimai fəaliyyətin jurnalistikanın tərkib hissəsi olub-olmaması ilə bağlıdır. Qərbin bəzi tanınmış və təcrübəli təhqiqatçı jurnalistləri belə bu fikrə qatılaraq deyirlər ki, jurnalistlərin işi verdikləri suallarla nüfuzlu insanlara və müəyyən institutlara təzyiq etməkdən ibarətdir.
Azərbaycan jurnalistlərinin də fəaliyyəti tez-tez bu məsələ haqda düşünməyə vadar edir. Bu yazıda şahidi olduğum müəyyən halları və onlardan dolayı cavab tapmaqda çətinlik çəkdiyim sualları bölüşmək istəyirəm.
Bir jurnalist kimi mən öz işimdə hər hansı nüfuzlu şəxsə və ya dövlət, qeyri-dövlət institutuna təzyiq göstərməklə məşğul olduğumu sanmıram; bu mənim məqsədim də deyil. Elə hesab edirəm ki, jurnalistin həmişə olduğu kimi gördüyü iş yaranan hər hansı bir konflikti, problemi işıqlandırmaq, cəmiyyətə məlumatı tam obyektiv şəkildə çatdırmaq və o çözülənədək onu izləməkdir.
Media nümayəndələrinin yazılarında jurnalist və ya aktivist nümunəsinin ortaya çıxması ilə bağlı fikirlərimi də paylaşmaq istərdim. İş orasındadır ki, Qərb mediası ilə yerli mediamızın aktivistliyi arasında çox fərq var. Qərbdə bu daha çox dərc olunan yazılar ətrafında müzakirələrdə meydana çıxır; bizdə isə buraya jurnalistlərimizin ictimai fəal qismində sosial mediada paylaşdığı yazılar da daxildir. Əslində bizdə bu proses o qədər gizli də deyil.
Jurnalistlərimiz gündəmdə olan hər hansı bir məsələyə şərh verəndə adətən sərt və subyektiv mövqelərini çox açıq nümayiş etdirirlər. Təəssüf ki, bu tendensiya halını alıb. İnsan haqlarının tapdandığı, ədalətsizliyin hər gün baş verdiyi bir ölkənin jurnalistləri üçün isə bu, çox zərərli bir mühit yaratmış olur. Sosial şəbəkə hesablarını izləyən və ya azdan-çoxdan jurnalistin şəxsi mövqeyindən xəbərdar olan mütaliəli oxucu yazılan yazılara da, həmin yazıların dərc edildiyi media platformalarına da şübhə ilə yanaşmalı olur. Yəni o düşünür: mən bu müəllifin yazdıqlarına nə qədər etibar edə bilərəm? Haradan bilə bilərəm ki, yazılarda təhrif yoxdur?
Bu etibarsızlıq jurnalistin mövzu seçiminə münasibətdə də özünü göstərir. Sözsüz ki, biz jurnalistlər mövzunu özümüz seçib işləyirik. Ən azı ideal xəbər otağında bu proses belədir. Hazırda mən ideal situasiyadan və doğru olanlardan danışdığıma görə “yuxarı”dan verilmiş sifarişlə çalışan media və jurnalistlərə toxunmaq istəmirəm.
Niyə məhz bu və ya digər mövzunu seçib onun üzərində işləyirik?
Adətən mövzu jurnalistin özünün, yaxud redaktorunun qərarı ilə, ya da hər ikisinin iştirakı və qərarı ilə seçilir və jurnalistika qaydalarına əsasən qərəzsiz işlənib oxucuya çatdırılır.
Və təbii ki, hər hansı bir yazı və ya araşdırma oxunmaqla yanaşı həm də müzakirəyə səbəb olursa, bir nəticə verirsə, yanlış aradan qaldırılır, problem həll edilirsə (təəssüf ki, bu da Azərbaycan kimi ölkədə tez-tez rast gəlinən hadisə deyil), yəni işinin bəhrəsini görmək jurnalistə qismət olursa, bu hər bir qələm sahibini çox xoşbəxt edir, ona böyük stimul verir. Lakin burada bir əmma var: yazının nəticəsindən doğan məmnuniyyət hissi bizim fəal olaraq çıxış etdiyimizə görəmi baş qaldırır? Yəni yazını yazarkən problemi, konflikti işıqlandırdığına inanan jurnalist həm də onun həll ediləcəyi üçünmü canfəşanlıq göstərir? Əgər belədirsə, o zaman bu, jurnalist fəaliyyətinin aktivizmə yönəldiyinin göstəricisi hesab edilə bilərmi?
Jurnalist aktivizmi mövzusu beynəlxalq media konfranslarında da aktualdır. Müzakirələr zamanı da aydın olur ki, bu, asanlıqla çözülməsi mümkün olan bir məsələ deyil. Jurnalistlər arqument olaraq bildirirlər ki, avtoritar rejimin hökm sürdüyü, hər gün insan haqlarının tapdandığı yerdə jurnalist artıq yazıb-araşdırdığı məsələlərə biganə qala, soyuqqanlığını qoruyub saxlaya bilmir. Lakin bu da, artıq qeyd etdiyimiz kimi, başqa bir problemə – etibarsızlığın yaranmasına gətirib çıxarır. Sayca çox olmasa da, bəzi aparıcı xarici media orqanları belə jurnalistlərlə əməkdaşlığı dayandırmaqla probelmin qarşısını almağın mümkün olduğunu düşünür. Bizim ölkədə isə ifadə azadlığının daima müxtəlif maneələrlə üz-üzə qalması azad media orqanlarının da, azad jurnalistlərin də sayının kəskin azalmasına gətirib çıxarır. O səbəbdən öz mövqeyini nümayiş etdirən jurnalistlə əməkdaşlığı dayandırmaq da bizdə çıxış yolu deyil.
Bu haqda danışdıqca anlayırsan ki, “jurnalist, yoxsa aktivist” sualının birmənalı cavabı, hər hansı cavabın yanlış və ya doğru olduğunu göstərən aydın bir arqument yoxdur. Yazılı media fənnindən dərs deyən müəllimim deyərdi ki, jurnalist dünya vətəndaşıdır, onun cinsi də yoxdur. Düşünürəm ki, məhz elə bunu əsas götürüb biz yazılarımızda doğulduğumuz, vətəndaşı olduğumuz ölkəyə mənsubluğumuzu hiss etdirməməliyik. Məqsəd oxuculara ölkədə baş verən haqsızlıqların bizdə yaratdığı qəzəbi çatdırmaq, onlara kin-küdurət aşılamaq deyil, jurnalist olaraq xəbərləri qərəzsiz, mövqesiz yaymaq, oxucuları düşünməyə öyrətməkdir. Auditoriya özü baş verənlərlə bağlı arqumentlərini çatdırmaq bacarığına sahib olmalıdır.
Müəllifin başqa yazısı:
Media etikası qaydaları