2018-ci ilin ilk rübündə Rusiyadan xaricə 7 milyon 483 min turist gedib. Novator.az bildirir ki, Federal Statistika Xidmətinin hesabatına görə, rusiyalılar ən çox işğal olunmuş Gürcüstan torpağı Abxaziyada dincəlib. Yanvar-mart aylarında həmin bölgəyə 797 min rusiyalının getdiyi bildirilir.
İşğal olunmuş digər Gürcüstan vilayəti Cənubi Osetiyanı 79 min rusiyalının ziyarət etdiyi qeyd olunur.
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.
2018-ci ilin ilk rübündə rusiyalıların üz tutduğu məkanlar arasında Finlandiya 737 min nəfərlə ikinci, Qazaxıstan 521 min nəfərlə üçüncü yerdə qərarlaşıb.
Rusiyalıların yanvar-mart aylarında ən çox səfər etdiyi xarici ölkələrin ilk onluğunda Tailand (491 min nəfər), Ukrayna (416 min nəfər), Çin (413 min nəfər), Estoniya (410 min nəfər), Birləşmiş Ərəb Əmirlikləri (353 min nəfər), Almaniya (286 min nəfər) və Polşa da (265 min nəfər) var.
2018-ci ilin ilk rübündə rusiyalıların keçmiş SSRİ məkanına səfər statistikası belə olub: Gürcüstan (163 min nəfər), Azərbaycan (147 min nəfər), Litva (128 min nəfər), Latviya (81 min nəfər), Ermənistan (79 min nəfər), Qırğızıstan (43 min nəfər), Moldova (36 min nəfər), Özbəkistan (25 min nəfər), Tacikistan (23 min nəfər), Türkmənistan (7 min nəfər).
Yanvar-mart aylarında Rusiya əhalisinin səfər etdiyi ölkələr siyahısında Türkiyə (229 min nəfər), İtaliya (213 min nəfər), İspaniya (134 min nəfər), Fransa (101 min nəfər), İsrail (77 min nəfər), Böyük Britaniya (50 min nəfər), ABŞ (42 min nəfər), Yaponiya (15 min nəfər) və İran da (3 min nəfər) yer alır.
Səidə Hüseynova