Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq istəyənlərə müraciət edib. Elana görə, ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Müraciət etmiş vətəndaşlar Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər qəbul komissiyalarına bu sənədləri təqdim etməlidirlər: kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə); xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (2 nüsxədə); doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti (2 nüsxədə); şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (2 nüsxədə); nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (2 nüsxədə; uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (2 nüsxədə; evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (2 nüsxədə); 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə); qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış; hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 2 nüsxədə); məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu rayon polis idarəsi (şöbə, bölmə) verilmiş arayış.