Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının bu il fevralın 5-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr – çəkisi 1565,5 qram heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Mehman Şakir oğlu Ağarzayev və Nəriman Telman oğlu Sadıqov ifşa edilərək saxlanılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Xəyal Hüseynağa oğlu Abdullayevin yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram olan 258 ədəd güclü təsir edən maddə (preqabalin həbləri) aşkarlanaraq götürülüb.
Xəyal Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Rövşən Firudin oğlu Ağayev və onunla əlbir olan Şirvan şəhər sakini Mətləb Sabir oğlu Əmirov Şirvan şəhər sakini Sarayxanım Nadir qızı Abdullayevadan dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti alıblar.
Sarayxanım Abdullayeva təqsirləndirilən şəxs Xəyal Abdullayevin anasıdır. Rövşən Ağayev və Mətləb Əmirov Sarayxanım Abdullayevadan pulu Xəyal Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında alıblar.
Araşdırmalarla həmçinin müəyyən edilib ki, Sarayxanım Abdullayeva mayın 24-də itkin düşüb.
Faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib. İş üzrə Rövşən Ağayev və Mətləb Əmirov şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda Sarayxanım Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.