Kinorejissor Rüstəm İbrahimbəyov onun ssenarisi əsasında çəkilmiş “Qafqaz üçlüyü” filmi ilə bağlı ittihamlara münasibət bildirib.
2015-ci ildə rejissorlar Eldar Şengelaya və Fuad İbrahimbəyovun çəkdikləri film Azərbaycanda kinorejissor Ayaz Salayevin tənqidi məqaləsindən sonra gündəmə gəlib.
Ayaz Salayevin “Rüstəm İbrahimbəyov və onun ermənilərin müsibətlərinə görə “vəhşi” azərbaycanlıların təqsirkar olması haqqında filmi” adlı məqaləsi 2018-ci il mayın 23-də “Bakinski raboçi” qəzetində dərc olunub. Qısa vaxtda məqalə Azərbaycan və rus dillərində bir çox kütləvi informasiya vasitəsində təkrar işıq üzü görüb.
Mayın 24-də Contact.az saytı Rüstəm İbrahimbəyovun Ayaz Salayevə cavabını dərc edib.
“İllərlə davam edən anlaşılmazlıq” adlı cavab yazısında Rüstəm İbrahimbəyov qeyd edir ki, o, Qarabağ faciəsinə münasibətini dəfələrlə bildirib: “Əksər azərbaycanlılar kimi, hesab edirəm ki, Ermənistanın ərazi iddiaları milyonlarla insanın taleyində əksini tapmış dəhşətli nəticələrə gətirib çıxarıb. Xalqımın acısını hiss edirəm və əminəm ki, gec və ya tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.
Bununla belə, Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qruplarını ölkəmizə qarşı cinayətlərdə ittiham etsəm də, baş verən hadisələrdə bütün erməni xalqını təqsirli saymıram və hər bir ermənini düşmən kimi qəbul etmirəm. Bu, uzun illərdir davam edir və məhz buna görə məni “ermənipərəstlikdə” ittiham edirlər. Bəziləri bunu bu təcavüzün xalqımızı düçar etdiyi iztirablara görə ədalətli qəzəblə edirlər. Digərləri yaranmış vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışır, pafoslu-vətənpərvər bəyanatlarının hakimiyyətdəkilərin diqqətini cəlb edəcəyinə və təqdir ediləcəyinə ümid edirlər.
“Qafqaz triosu” filmi 2015-ci ildə çəkilib və çətin ki, kinoşünas Ayaz Salayev ona bu qədər gec baxıb. Filmin səthi-siyasiləşdirilmiş təhlili və mənim ünvanıma filmdə bəhs edilən tarixdən çox-çox kənara çıxan ittihamlar Salayevin məqaləsinin ya “sifarişli” olduğu, ya da məhz bu gün üzərinə diqqət çəkmək üçün ona lazım olduğu barədə qənaət yaradır”.
Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşğun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir”.
Yazısında Rüstəm İbrahimbəyov iddia edir ki, “Qafqaz triosu” filminin müdafiəyə ehtiyacı yoxdur: “Mən filmi görməyənlər üçün öz müəllif fikrimi açıqladım. Yeri gəlmişkən, çoxlarını inandıra bilməsəm, təəccüblənmərəm. Mənim yaradıcılıq həyatım belə alınıb ki, ssenarim əsasında çəkilmiş ilk film – “Bir cənub şəhərində” Azərbaycan xalqına böhtan elan edilib və orada bəhs edilən hekayənin geniş tamaşaçı kütləsi tərəfindən təqdir olunması üçün illər tələb olunub. Azərbaycanın hüdudlarından kənarda şöhrət qazanmış digər nəsr və kino-teatr əsərlərim də ciddi tənqidə məruz qoyulub. Ölkəmizdə Azərbaycan Demokratik Respublikasının faciəvi taleyinə həsr olunmuş ilk tamaşa – 1982-ci ildə mənim pyesim əsasında qoyulmuş “Ultimatum” tamaşası Azərbaycanın qabaqcıl tarixçiləri tərəfindən hamılıqla pislənib və tamaşanın nümayişi dayandırılıb.
Bizdə hakimiyyətin ideoloji məqsədləri ilə üst-üstə düşməyən istənilən fikir düşmən fikir hesab olunurdu və olunur. Amma zaman keçir və kəskin tənqidə məruz qalan şeylərin çoxu artıq qəbul edilir. Məsələn, yaxın keçmişdən bəri respublika mətbuatında ermənilərin Azərbaycana sıxlaşan səfərləri razılıqla qarşılanır. Bu onu göstərir ki, biz Qarabağda Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına nail olduqda ermənilərin də beynəlxalq normalar əsasında Azərbaycan vətəndaşı kimi qayıdacağı, nəhayət ki, dərk edilməyə başlanıb. Və istənilən ermənini düşmən elan edənlər istər-istəməz Azərbaycan ərazisində ermənilərin yaşamasının yerli əhalinin düşmən münasibəti səbəbindən qeyri-mümkün olduğunu iddia edən ideoloji düşmənimizə kömək göstərmiş olurlar. “Qafqaz triosu” filmi bu dəlilə etiraz edir, düşmən ölkələrin nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və mən inanıram ki, bu gün müxtəlif səbəblərdən bu açıq-aşkar həqiqəti qəbul etməyənlər gec və ya tez onu dərk edəcəklər”.