Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirən prezident sərəncamı imzalanıb. Novator.az bildirir ki, mayın 22-də rəsmiləşən sərəncam bəzi qurumların, avadanlıqların, inzibati binaların və bir sıra ştat vahidlərinin İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən, Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Qida Təhlükəsizliyi Agentliyinin balansına verilməsini nəzərdə tutur.
Nazirlər Kabineti bir ay müddətində “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanması zamanı Qida Təhlükəsizliyi Agentliyinin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi akt hazırlamalıdır.
Kənd Təsərrüfatı Nazirliyinə rayon (şəhər) kənd təsərrüfatı idarələrinin inzibati binalarından, Kənd Təsərrüfatı Nazirliyinin vivariumlarından və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin diaqnostika kabinetlərindən Qida Təhlükəsizliyi Agentliyinin ödənişsiz istifadəsini təmin etmək tapşırılıb.
2017-ci ildə yaradılan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edilib
Qida Təhlükəsizliyi Agentliyi gücləndirilir
Yeyinti məhsullarına nəzarət sərtləşir
Qida Təhlükəsizliyi Agentliyinin statusu: yeni fərman imzalanıb