Prezident İlham Əliyev mayın 22-də fərman imzalayaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin əsasnamələrini təsdiqləyib.
Novator.az xatırladır ki, Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasiyası bu ilin yanvarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında agentlik statusu alıblar. Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi müəyyən edilib. Hər iki agentliyin direktorlarını vəzifəyə təyin və vəzifədən azad etmək prezidentin səlahiyyətindədir.
Dövlət Dəniz Agentliyi dəniz nəqliyyatı sahəsində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. Qurumun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, möhürü, rəsmi emblemi, özünün xüsusi bayrağı, müvafiq ştampları və blankları var.
Agentliyə direktor rəhbərlik edir. Onun nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla təyin olunan iki müavini var.
Dövlət Mülki Aviasiya Agentliyi mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Qurumun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, möhürü, rəsmi emblemi, müvafiq ştampları və blankları var.
Agentliyə direktor rəhbərlik edir. Onun nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla təyin edilən iki müavini var.