Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi Sərhəd Xidmətinə istinadla belə hesabat yayıb.
Rəsmi hesabata əsasən, gələnlərin 28,3 faizi Rusiya, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi vətəndaşlığı olmayan şəxslərdir.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artıb.
İrandan gələnlərin sayında 5,4 faiz azalma müşahidə edilib.
Dörd ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,4 faiz artaraq 32 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,4 faiz artaraq 284,9 min nəfər olub.
Yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyon 289 min nəfərə çatıb. Ölkə vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiyaya, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi digər ölkələrə səfər edib.
Dörd ayda İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6 faiz artıb, Türkiyəyə gedənlərin sayı 16,1 faiz, Gürcüstana gedənlərin sayı 3,6 faiz, Rusiyaya gedənlərin sayı 1,1 faiz azalıb.