Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov mayın 21-i Ağstafa rayonunda dəfn edilib.
APA-nın məlumatına görə, şəhid əsgərlə vida mərasimi Qıraq Kəsəmən kəndindəki ata evində keçirilib. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin təmsilçiləri nitq söyləyiblər. Adil Tatarovun nümunəvi əsgər olduğu, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb.
Şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Adil Tatarov mayın 20-də şəhid olub. Müdafiə Nazirliyi bəyan edib ki, təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.
Hadisəni şərh edən Xarici İşləri Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir. Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin “yalnız sülh yolu ilə həlli” barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyil və cəfəngiyatdır”.