Hakim Respublika Partiyası Ermənistanda böhranı aradan qaldırmaq istiqamətində addım atıb. Novator.az-ın məlumatına görə, partiyanın parlament fraksiyası mayın 2-də toplantı keçirib. Parlament binasındakı toplantıya partiya sədri Serj Sərkisyan da qatılıb. Fraksiya mayın 8-nə təyin olunmuş baş nazir seçkisində müxalif namizədi dəstəkləmək qərarı çıxarıb.
2008-ci ildən Ermənistan prezidenti olmuş Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Onun istefasından sonra Ermənistan hökumətinə baş nazirin birinci müavini Karen Karapetyan rəhbərlik edir. Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir.
Serj Sərkisyana qarşı aksiyalara Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyan başçılıq edib. Ancaq Serj Sərkisyanın süqutundan sonra da aksiyalar səngiməyib. Nikol Paşinyan hakimiyyətin ona təhvil verilməsini, milli etimad hökumətinin qurulmasını istəyib.
Mayın 1-i parlamentdə keçirilən baş nazir seçkisində Nikol Paşinyan 45 səs toplayıb. Baş nazir kürsüsünə oturmaq üçün 105 nəfərlik parlamentdə 53 səs almaq gərəkdir. Yeganə namizəd olan Nikol Paşinyanın qarşısını Respublika Partiyası kəsib. Bu qurumun deputatları 1 may səsverməsində Nikol Paşinyana dəstəkdən boyun qaçırıb. Səsvermədə iştirak edən 55 respublikaçı və Daşnaksütun Partiyasının 1 üzvü Nikol Paşinyanın əleyhinə çıxıb.
Nikol Paşinyanın baş nazirliyinin əngəllənməsi böyük etiraz doğurub. Mayın 2-də Nikol Paşinyanın çağırışına qoşulan aksiyaçılar paytaxt Yerevanın mərkəzi küçələrini, eləcə də ölkənin avtomobil yollarını, dəmiryolu xətlərini bağlayıb. Paytaxtda aeroport, metro iflic edilib. Bir çox nazirliyə giriş qapadılıb, müxalifət iclası boykot etdiyindən parlament toplaşa bilməyib. Gərginliyə dözməyən mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Əmiryan istefa verib.
Axşama doğru hakim partiya geri çəkildiyindən Nikol Paşinyan ölkə üzrə bütün aksiyaları dayandırmağa çağırıb.
Baş nazir seçkisinin ikinci turunda, mayın 8-də namizəd olmaq üçün Nikol Paşinyana 35 səs gərəkdir. “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Müxalif liderə Sarukyan bloku (31 mandatı var) və Daşnaksütun Partiyası (7 mandatı var) dəstək verir.
Respublika Partiyası parlamentdə 58 deputatla təmsil olunur.