Ülkər Natiqqızı
İllər uzunu bəzi qəzetlərdə dərc olunan yalan məlumatlar onlayn medianı da zəbt etməyə başlayıb. Mənbəyi bəlli olmayan bu məlumatlar təkcə “Azərbaycan torpaqlarını geri qaytardı”, “Təcili xəbər: Müharibə başladı”, “Filan müğənni öldü” ilə bitmir. Siyahıda nazirlər də geniş yer tutmağa başlayıb.
Jurnalistikanın bu yeni qolunu “proqnozlaşdırma jurnalistikası” adlandıra bilərik. Buna niyə “proqnozlaşdırma” dediyimi isə yazını oxuduqca biləcəksiniz.
Bu cür “proqnozları” tirajlamaq, deyəsən, bəzi saytlar üçün vərdişə çevrilib. Oxuduğu saytların hansının etibarlı, hansının etibarsız olduğunu heç də hamı analiz edə bilmir. Bəzən öz “Facebook” səhifəmdə ilk oxunuşdan yalan olduğunu anladığım xəbərlər qarşıma çıxır, amma bir çoxlarının bu yalanı sezmədiyini də görürəm. Yalana meydan verən jurnalist belə məlumatların oxucuda nə kimi hisslər yaradacağını, haqqında yalan yaydığı şəxsin ailəsində bunun nələrə gətirib çıxara biləcəyini düşünməlidir.
Nazir və siyasət mövzusuna keçməzdən qabaq indicə toxunduğum məqamlara aid bir neçə nümunə gətirmək istəyirəm. Xalq artisti Habil Əliyev 2015-ci ildə komada olanda bəzi saytlar artıq onun ölüm fərmanını vermişdi. Habil Əliyev ölüm xəbərindən bir gün sonra vəfat etdi.
Bu yaxınlarda oxşar hadisə xalq artisti Könül Xasıyeva ilə də baş verdi. Könül Xasıyevanın yaxın qohumu rəhmətə getdiyi halda, bəzi saytlar “Könül Xasıyeva vəfat etdi” başlığı altında məlumat dərc etdi. Halbuki Könül Xasıyeva sağdır. 2017-ci ildə də müəyyən saytlarda Könül Xasıyevanın ölüm xəbəri yayılmışdı. Yəni bu, birinci hal deyil, ikinci dəfədir “başyeyən” saytlar Könül Xasıyevanın ölümünü proqnozlaşdırır. Allah üçüncüdən saxlasın!
Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadə də ölüm xəbəri yayılandan 1 ay sonra dünyasını dəyişib. Görünür, həmin xəbəri yayan jurnalistlər proqnozlaşdırmada nəsə səhvə yol veriblərmiş.
Onlayn mediada getdikcə güclənən bu tendensiya nazirlərə münasibətdə də özünü göstərir. 2017-ci ildə vergilər naziri statusunu itirən Fazil Məmmədovun kreslosunu bəzi saytlar 2015-ci ildən yerindən oynatmağa başlamışdı. “Fazil Məmmədov istefa ərizəsi yazıb”, “Fazil Məmmədov işdən azad olunub”… Hətta mənbəyi məlum olmayan bir sayt “Fazil Məmmədov baş nazir postuna hazırlaşır” tipli xəbər yaymışdı. Sonuncu proqnoz, yəni baş nazirlik məsələsi reallaşmasa da, “Fazil Məmmədov işdən azad olundu” xəbəri düz çıxdı, amma nə az, nə çox, 2 il sonra.
Neçə ildir bəzi saytların hədəfi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. “Kəmaləddin Heydərov yola salınır, vitse-prezidentlə gərgin görüş” – 2017-ci ilin mayında yayılan xəbərin başlığıdır bu. Kəmaləddin Heydərov hazırda da vəzifəsindədir. Hətta 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkisindən sonra hökumət yenidən formalaşdırılanda da Kəmaləddin Heydərov fövqəladə hallar naziri postuna təyinat alıb. Yəni saytların proqnozu hökumətin yenidən təşkili zamanı da özünü doğrultmayıb.
İndi gündəmdə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur. Bəzi saytlar yazır ki, Müslümov Dövlət Sosial Müdafiə Fondundan 2 milyard manata yaxın vəsait mənimsəyib. Artıq “Müslumov həbs edilir” xəbərini yayan saytlar da var. Bunun nə dərəcədə gerçək olub-olmadığını isə zamanla biləcəyik.
Jurnalistin peşə prinsiplərində deyildiyi kimi: jurnalist dəqiq, qərəzsiz və vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır. Digər yazımda bildirdiyim kimi jurnalistlər “iki və daha artıq mənbə” anlayışı ilə hərəkət etməlidirlər. Amma bəzi xəbərlərdən anlaşılır ki, bir qrup jurnalist nə ürəyinin səsinə qulaq asır, nə də pul kisəsindən əl çəkir. Sanki “iki və daha artıq mənbə” prinsipi başqa peşənin sahibləri üçün deyilib.
Saytların çoxlu oxucu cəlb etmək istəyi yalan məlumatlar üzərində qurulmamalıdır. Amma təəssüflər olsun ki, bəzi saytların əsas qayğısı dəqiq, qərəzsiz xəbər yaymaq və onlara inanan auditoriya qazanmaq deyil, yüksək oxucu sayına nail olmaqdır.
Azərbaycanda “proqnozlaşdırma jurnalistikası” məşhurlaşsa da, təəssüf ki, hələ bunu ifadə edən xüsusi termin ortaya qoyulmayıb. Amma baş verənlər göstərir ki, jurnalistikanın bu qolu uzandıqca uzanacaq, hətta universitetlərdə onun ayrıca tədris olunmasına ehtiyac yaranacaq.
Jurnalistlərin bu “proqnozları” kimdən və hansı formada əldə etdiklərini bilmirəm. Bəzən bu “proqnozlar” doğru çıxır, bəzən yox. Daha hansı proqnozların olacağını isə zaman göstərəcək.
Müəllifin başqa yazıları:
Paylaşılan materialı nə zaman silməli?
Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?
NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar