Aprelin 19-da prezident İlham Əliyev fərman imzalayıb. Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Ödəməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Birdəfəlik ödəməni notariat qaydasında təsdiq olunmuş bu sənədlər əsasında almaq mümkündür: hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə; hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.
Ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edib Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Novator.az bildirir ki, bu, yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin ilk fərmanıdır. İlham Əliyev aprelin 11-də 8 namizədin iştirakı ilə keçirilmiş prezident seçkisində 86,02 faiz səslə 7 il müddətinə prezident seçilib. O, aprelin 18-i Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başlayıb.
56 yaşlı İlham Əliyev 2003, 2008 və 2013-cü illərdə 5 il müddətinə prezident seçilib. 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.