Avstraliyanın Kvinslend Universitetinin psixoloqları “Facebook” sosial şəbəkəsinin insanlara təsirini öyrənmək üçün tədqiqat aparıblar.
Novator.az xəbər verir ki, tədqiqatın nəticəsi “Journal of Social Psychology” (“Sosial psixologiya jurnalı”) nəşrində dərc olunub.
Tədqiqata “Facebook” şəbəkəsinin 138 üzvü cəlb edilib. Araşdırma dövründə onlardan 60 nəfəri qısa müddətə şəbəkədən aralanıb, digərləri isə adi qaydada “Facebook”da fəaliyyətlərini davam etdiriblər.
İştirakçıların hamısının ağız suyundan nümunələr götürülərək müayinə olunub.
Bundan başqa psixoloqlar iştirakçılarla söhbətlər də aparıblar və beləliklə, onların özlərini necə hiss etdiklərini, onlarda həyat eşqinin səviyyəsinin necə dəyişdiyini, stress keçirib-keçirmədiklərini, özlərini tənha duyub-duymadıqlarını öyrəniblər.
Araşdırma göstərib ki, “Facebook”dan cəmi 5 günlüyə aralananda belə insanda stress səviyyəsi aşağı düşür, orqanizmdə stress hormonunun – kortizolun miqdarı azalır. Tədqiqatın digər iştirakçılarında, yəni “Facebook”dan uzaqlaşmayanlarda isə stressin aşağı düşməsi – kortizolun azalması halı müşahidə olunmayıb.
Amma maraqlıdır ki, stressin miqdarı hormonal səviyyədə dəyişsə də, eksperiment iştirakçılarının əksərinin öz stress vəziyyətinə verdiyi qiymət dəyişməyib. Dəyişəndə də daha çox əks istiqamətdə dəyişib. Qanında kortizolun miqdarı azalmış “Facebook” üzvlərinin əksəri öz həyatından razı qalmayıb və şəbəkəyə qayıtmaq onları çox məmnun edib.
Alimlər bunu belə izah edirlər: “Facebook”dan aralananda adamda stressin səviyyəsi aşağı düşməyə başlayır, amma az sonra insanlarda elə bil bir boşluq yaranır və onlar bu boşluğu doldurmaq üçün yenidən “Facebook”a qayıtmaq istəyirlər. “Facebook”a qayıtdıqda isə stress artır və bundan qurtulmaq üçün yenidən qısa müddətə şəbəkədən aralanmaq lazım gəlir.
Bu o deməkdirmi ki, “Facebook”dan birdəfəlik, yaxud uzun müddətə aralanmaq stressin azalmasına yardım göstərə bilməz? Alimlər deyirlər ki, belə suala cavab vermək üçün daha geniş eksperimentə ehtiyac var. Hələliksə yalnız “Facebook”dan qısa müddətə aralanmağın stressi aşağı saldığını söyləmək olar.
Eyni zamanda alimlər hesab edirlər ki, bu eksperimentin nəticəsini heç də bütün şəbəkələrə aid etmək olmaz. Başqa şəbəkələr üçün məxsusi araşdırma aparılmalıdır.
Bunları əsas götürən avstraliyalı psixoloqlar geniş miqyasda yeni araşdırma aparmağı planlaşdırırlar.
Səidə Hüseynova