11 aprel prezident seçkisinin ilkin rəsmi nəticələrində böyük fərqlə irəli çıxan dövlət başçısı İlham Əliyev ötən gecə Azərbaycan Televiziyasından xalqa müraciət edib. O, prezident seçkisində böyük etimada layiq bilindiyini vurğulayıb: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir, bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir.
Bu seçkidə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib, son 15 il ərzində görülən işlərə yüksək qiymət verib. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.
Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz Azərbaycanı qüdrətli dövlətə çevirib. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və beynəlxalq aləmdə öz mövqelərimizi gücləndirə bilmişik.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilat bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul edib. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda döyüş meydanında böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad edib. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizlənib və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkisi keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkisi keçiriləcək, Azərbaycan prezidenti seçiləcək.
Biz daha güclü olmalıyıq. Güclü olmaq üçün daha güclü iqtisadiyyat qurmalıyıq. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb və bu gün Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasındadır.
Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olub. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artıb. Bu siyasət bundan sonra da davam etdiriləcək.
Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Biz ən qabaqcıl texnologiyaları ölkəmizə gətiririk, tətbiq edirik və texnoloji, elmi inkişaf gələcək fəaliyyətimiz üçün də əsas prioritetlərdən biri olacaq.
Bir sözlə, bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Bizim təşəbbüsümüz və fəal iştirakımızla o layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur. Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmayıb. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq”.
İlham Əliyev 2013-cü ilin oktyabr ayından prezident postunu tutur. Aprelin 11-də keçirilən prezident seçkisində İlham Əliyev 86 faiz səslə digər 7 iddiaçını xeyli geridə qoyub.
Mərkəzi Seçki Komissiyası aprelin 11-dən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəndən uzağı 3 gün sonra yeni seçilmiş prezident and içərək səlahiyyətlərinin icrasına başlamalıdır.
Yeni prezidentin səlahiyyət müddəti 7 il olacaq.