İlkin nəticələr prezidenti qalib göstərdi
- 12 Aprel 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinin ilkin nəticələrini açıqlayıb. Novator.az bildirir ki, hesabata, dövlət başçısı İlham Əliyev 86 faiz səslə qalib gəlir.
Prezidentliyə digər iddiaçıların göstəriciləri belədir:
Zahid Oruc – 3,11 faiz
Qüdrət Həsənquliyev – 3,04 faiz
Sərdar Cəlaloğlu – 3,02 faiz
Hafiz Hacıyev – 1,51 faiz
Araz Əlizadə – 1,39 faiz
Fərəc Quliyev – 1,18 faiz
Razi Nurullayev – 0,75 faiz.
Namizəd səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsi ilə prezident seçilmiş sayılır. Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyası aprelin 11-dən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəndən uzağı 3 gün sonra yeni seçilmiş prezident and içərək səlahiyyətlərinin icrasına başlamalıdır.
11 aprel prezident seçkisinin səsvermə raundu saat 8-dən 19-dək keçirilib. Mərkəzi Seçki Komissiyasının hesabatına görə, seçkiyə seçicilərin 74,5 faizi qatılıb.
Novator.az bildirir ki, İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, tarix elmləri namizədidir.
İlham Əliyev 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub, sonra özəl biznes sahəsində çalışıb.
1994-cü ildən İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci vitse-prezidenti postunu tutub, 1995-2003-cü illərdə Milli Məclisin deputatı olub.
2003-cü ildə baş nazir vəzifəsinə təyin edilən İlham Əliyev həmin il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da prezident seçilib.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.