Ermənistan müxalifəti aprelin 13-dən 17-dək paytaxt Yerevanın Azadlıq meydanında fasiləsiz mitinq keçirmək niyyətindədir. Novator.az-ın məlumatına görə, aksiyanın təşəbbüskarı parlamentdə 9 deputatla təmsil olunan “Çıxış” blokudur. Bu blok sabiq prezident Serj Sərkisyanı baş nazir postuna gətirmək planına qarşı çıxır.
Blokun lideri olan Nikol Paşinyan ölkə üzrə etiraz yürüşü keçirir. Gümrü şəhərindən başlayan yürüş aprelin 13-ü Yerevanın Azadlıq meydanında başa çatacaq və orada fasiləsiz mitinq start götürəcək.
Aprelin 11-də “Çıxış” blokunun deputatları Ararat Mirzoyan və Lena Nazaryan parlamentin iclasında tüstüburaxma aksiyası keçiriblər. Ararat Mirzoyan çıxışında deyib ki, Serj Sərkisyanın üçüncü müddətə ölkəyə rəhbərlik etməsinə mane olmaq, Respublika Partiyasının hakimiyyətinə son qoymaq vaxtı çatıb. O, əhalini aprelin 13-də başlayacaq aksiyada fəal iştirak etməyə çağırıb. Aksiyanın simvolu kimi məşəl seçilib.
Ermənistan Respublika Partiyası aprelin 11-də lideri Serj Sərkisyanı baş nazir postuna namizəd irəli sürməyə hazırlaşır.
Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.
Serj Sərkisyan 2008 və 2013-cü illərdə prezident seçilib. Bu həftə tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.