“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov azadlığa çıxır.
Əziz Orucov 2017-ci il mayın 2-dən həbsdədir. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Novator.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı bu hökmü Ali Məhkəmə dəyişib. Aprelin 5-də Əziz Orucovun kassasiya şikayətinə baxan Ali Məhkəmə jurnalistin cəzasını 6 ildən 3 ilə endirib, eyni zamanda onun cəzasının qalan hissəsini şərti həbslə əvəzləyib. Bu, Əziz Orucovun azadlığa buraxılması deməkdir. Jurnalistin elə bu gün saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən azad ediləcəyi gözlənir.