Oturaq həyat tərzi 2-ci növ şəkərli diabetə, ürək xəstəliklərinə, hətta insulta səbəb ola bilər. Böyük Britaniyanın Liverpul Universitetinin bir qrup alimi bununla bağlı tədqiqat aparıb. Ekspertlər hətta iki həftəlik oturaq həyat tərzindən sonra insanın səhhətində problem yarandığını aşkara çıxarıblar.
Novator.az-ın məlumatına görə, tədqiqata orta yaşı 36 yaş həddində olan 45 nəfər cəlb edilib. Onlar idmanla, tutalım, qaçışla məşğul olmasalar da, hər biri gündə 10 min addım yeriyirmiş.
Tədqiqat iştirakçıları iki həftə ərzində oturaq həyat tərzi keçirib, işə şəxsi avtomobillə, ictimai nəqliyyatla gedib, pilləkən əvəzinə liftdən istifadə ediblər. İstirahət günlərini isə evdə televizor və ya kompüter qarşısında keçiriblər. Eksperiment iştirakçılarının üzərinə onların fiziki fəallığına nəzarət edən xüsusi qurğu quraşdırılıb. Onlardan pəhriz saxlamaları və qəbul etdikləri qidaları gündəliyə yazmaları da xahiş olunub.
İki həftə sonra tədqiqat iştirakçıları müayinə olunublar. Alimlər iştirakçıların qarın buraxdığını, onların orqanizmində piyin çoxaldığını, əzələ kütləsinin azaldığını və kardio-respirator dayanıqlığın aşağı düşdüyünü müşahidə ediblər. Bundan başqa iştirakçılarda, xüsusilə yaxın qohumları 2-ci növ şəkər xəstəsi olan adamlarda insulinə həssaslıq da azalıb.
Sonra tədqiqata cəlb olunanlardan fəal həyat tərzinə qayıtmaları xahiş olunub. İki həftəyə yaranmış problemlər iki həftəyə də yoxa çıxıb. Ona görə də ekspertlər gündəlik həyatda daha fəal olmağı, məsələn, tez-tez piyada gəzməyi, pilləkənlərlə qalxıb-düşməyi, alış-verişi internet vasitəsilə deyil, dükan-bazardan etməyi məsləhət görürlər.
Səidə Hüseynova