Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası martın 31-i paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya saat 15-dən 17-dək davam edib.
Aksiyanı AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü İlham Hüseyn aparıb.
“Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!” tələbləri ilə keçirilən mitinqdə 1918-ci ilin martında ermənilərin Azərbaycanda törətdiyi qırğının 100 illiyi də anılıb.
Azadliq.org-un məlumatına görə, AXCP sədri Əli Kərimli 1918-ci ilin mart qırğınından danışarkən deyib ki, erməni terroru 100 ildir davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu xatırladıb: “Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.
Əli Kərimli Azərbaycan hökumətini Rusiyadan yararsız silahlar almaqda da suçlayıb.
Ölkədə 160 nəfərə yaxın siyasi məhbusun olduğunu bildirən AXCP sədri həmin məhbusları “millətini sevən insanlar” kimi xarakterizə edib.
Əli Kərimli çıxışı zamanı hakimiyyəti korrpsiyaya qurşanmaqda, ölkədə monopoliya yaratmaqda da ittiham edib.
31 mart mitinqi ərəfəsində AXCP-nin 3 fəalına inzibati qaydada həbs cəzası verildiyini açıqlayan Əli Kərimli deyib: “ATƏT müşahidə apardığından bu dəfə mitinq ərəfəsində təzyiqlər az oldu. Bununla belə onlarla fəal polisə çağırıldı, AXCP-nin 3 fəalına isə inzibati həbslər verildi. Abdulla Mahmudov və Orxan Baxışlının hər biri 30 sutka, Ayaz Qasımov isə 15 sutka müddətinə həbs olunub”.
Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında Qarabağ problemindən, Azərbaycanın beynəlxalq aləmdəki imicindən, ölkədəki sosial durumdan danışıb.
O deyib: “İlham Əliyev Lələtəpə yüksəkliyinin azad edilməsi ilə çox öyünür. Ancaq bizim hədəfimiz tək Lələtəpə ola bilməz. Bizim hədəfimiz Dağlıq Qarabağ olmalıdır”.
Arif Hacılı vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə ancaq ofşorlara daşınan pullarla məşhurdur.
Müsavat başqanı ölkədə işsizliyin yüksək səviyyədə olduğunu bildirib.
Milli Şuranın sədri Cəmil Həsənli aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkisində namizədliyi qeydə alınmış şəxslərin apardığı kampaniyaları məzhəkə adlandırıb.
“Hansı seçkidən danışırlar?” deyən Cəmil Həsənli vurğulayıb ki, əslində xalqın seçki hüququ əlindən alınıb.
Mitinqdə başqa müxalifət funksionerləri də çıxış ediblər.
Bakı Şəhər Baş Polis İdarəsinin aksiya başa çatandan sonra yaydığı məlumata görə, 31 mart mitinqində ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halı qeydə alınmayıb.
Şəkillər Bastainfo.com və Amerikaninsesi.org saytlarından götürülüb