Azərbaycanda ata-anaya müraciət forması çox müxtəlifdir. Bölgələrdə, ayrı-ayrı obalarda, nəsillərdə, hətta ailələrdə fərqlər var.
Ataya qağa, ağa, dədə, kişi, dadaş, baba, əmi, papa, anaya nənə, cici, bacı, yəvyə, yəyə, mama kimi müraciət formalarına rast gəlinir.
Novator.az-ın sosial şəbəkə istifadəçiləri arasında apardığı sorğu göstərib ki, bəzi bölgələrdə uşaqlar atanı lələ, qaqa, qada, qadaş, qaqey, əppə, qədeş, qağan, xaqan, gigə, dadaşi deyə çağırırlar.
Anaya məmə, aba, böyükana, ciyi, gəlincan, mömə, aymə, baylı, ayba, abay deyilən bölgələr var.
Novator.az tanınmış ictimai simaları bu mövzuda danışdırıb.
Naxçıvan bölgəsində doğulan hüquqşünas Qurban Məmmədov deyir ki, ailədə atalarına papa, analarına elə ana deyə müraciət ediblər, başqa müraciət formaları haqqında isə məlumatlı deyil.
Qaraçöp mahalında doğulan yazıçı-publisist Nəriman Əbdülrəhmanlı Novator.az-a deyib ki, onların bölgəsində ən çox yayılmış forma ataya lələ, anaya ciji deməkdir: “Bu da öz kökünü minillərdən götürür. Lələ türklərdə müəllim, tərbiyəçi kimi də başa düşülür. Ciji isə yenə qadınların hörmətlisinə müraciət forması olub. Qaraçöp mahalında başqa cür müraciətlərə nadir hallarda rast gəlinir. Müəyyən qədər ataya baba, qağa deyənlərə də var”.
Qarabağ bölgəsindən olan jurnalist Xalid Kazımlı atalarına qağa deyə müraciət etdiklərini bildirib: “Əmim də atama qağa deyir, əmim uşaqları da. Anama isə lap uşaq vaxtımızdan adıyla müraciət etmişik. Ona görə ki, gözümüzü açıb elə görmüşük. Amma bizdən balacalar anamıza mama deyirdilər. Mənim övladlarım mənə ata, yoldaşıma ana deyirlər”.
Müraciət formalarındakı müxtəliflik hansı zərurətdən yaranıb? Hansı daha məqsədəuyğun sayıla bilər: bir qaydada müraciət forması təqdirəlayiqdir, yoxsa fərqlər normal haldır?
AMEA-nın Dilçilik İnstitutunun baş elmi işçisi, professor Sevil Mehdiyeva Novator.az-ın suallarına cavabında bildirib ki, müxtəlif bölgələrdə işlənən fərqli müraciət formalarının dərin kökləri var və dilçilik elmi bütün bunları tədqiq edib: “Azərbaycan dilinin bir ədəbi, bir də danışıq-dialekt forması var. Ədəbi dildə ata və ana müraciət formaları sabitləşib. Amma dialektlərimizdə ata və ana məzmununu bildirmək üçün müxtəlif sözlərdən istifadə edilir. Məsələn, Qazax, Ağstafa, ümumiyyətlə Gəncədən üzü o tərəfə, Gürcüstan daxil olmaqla qərb zonasında əksəriyyət ataya dialektlə bava deyə müraciət edir. Şəhərlə əlaqəsi çox olan bölgələrimizdə daha çox mama sözündən istifadə olunub. Düzdür, sözü indi rus dilindən gəlmə kimi təqdim edirlər, amma türk dilində mama ifadəsi olub. Qarabağ dialektində atanın bacısına mama deyirlər. El içində, məişətdə bu söz mamaça, ədəbi-elmi dildə mama-ginekoloq kimi işlənir. Bunlar göstərir ki, “mama” rus dilindən gəlmə deyil. Söz türk dilində işlənib və kökləri var. Mama tədricən yuvarlaqlaşaraq, xalq dilində ana kimi işlənməyə başlayıb.
Yaxud ciyi, ciji hazırda Şəki, Balakən, qərb zonasında işlənir, həm anaya, həm də böyük bacıya deyilir. Bəzən yaşlı qadına da hörmət mənasında belə müraciət edirlər. Bu, qədim türk sözüdür. Bəzi müasir türkcələrdə hətta ədəbi dildə müxtəlif fonetik variantlarda anaya ciji deyilir.
Neçə müraciət formasına rast gəlinsə, hamısının kökü var, heç biri göydəndüşmə, təsadüfi deyil. Sadəcə bunlar uzun əsrlər, qərinələr əvvəl türk dillərinin bir-birindən ayrılmadığı ümumtürk dili dövründə işlənib və zaman keçdikcə hər bir türk toplumu öz məkanına, yuvasına çəkiləndə ümumişlək olan həmin ifadələr müxtəlif dialektlərdə fərqli şəkil alıb. Məsələn, ciji qədim türk sözüdür, bəzi ədəbi türkcələrdə indiyə qədər qalsa da, digərlərində müasir zamana uyğunlaşdıqca söz dialektləşib.
Ataya da bəzən hörmət əlaməti olaraq əmi, qardaş, dadaş deyiblər. Dadaş fars dilindən gəlmədir və hörmətli adam deməkdir. Ölkəmizin xüsusən cənub dialektində ataya, böyük qardaşa belə müraciət edirlər. Bəzən hətta hörmət mənasında müəllim sözü ilə yanaşı dadaş da işlənir. Bu da xalqın içindən gələn ifadədir”.
Professor Sevil Mehdiyeva digər dillərin təsirinin mövcudluğundan da söz açıb: “Məsələn, rus dilində fransız dilinin təsiri ilə uzun müddət anaya maman deyilib. Lev Tolstoyun yaradıcılığında səhifə-səhifə fransız dilində mətnlər var. Bəzən bizi qınayırlar ki, ərəb, fars dillərindən çox istifadə edirik. Bu proses Hind-Avropa dillərində də olub.
Yüksək zümrəli rus ailələrində valideynə hörmət əlaməti olaraq ata-anasının adı ilə müraciət edilib. Bu da bütünlüklə xalqın, ailənin özündən gəlir”.
Töhfə Əzimova