Prezident İlham Əliyev maaş artımını nəzərdə tutan yeni sərəncamlar imzalayıb. Novator.az-ın məlumatına görə, Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat xidmətlərinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları martın 1-dən orta hesabla 10 faiz artıb.
Daha əvvəl Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşlarının artımına qərar verilib.
Səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində; təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla); elmi müəssisə və təşkilatlarda; mədəniyyət, gənclər və idman müəssisələrində; kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində; mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində; meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin də maaşları orta hesabla 10 faiz yüksəlib.
Artım həmçinin Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı; Heydər Əliyev Mərkəzi; Strateji Araşdırmalar Mərkəzi; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Azərbaycanda Atatürk Mərkəzi; dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupu; Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu; Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu; Elmin İnkişafı Fondu; Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu; Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi; Gənclər Fondu; Bilik Fondu; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi əməkdaşlarını əhatə edib.