8 Mart Beynəlxalq Qadınlar Günü hansı ölkələrdə rəsmi bayram kimi qeyd olunur?
Qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü olan 8 Martın tarixi 108 il əvvələ gedir. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında 8 Martın bayram edilməsi haqqında qərar qəbul edilib.
1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.
Novator.az bildirir ki, keçmiş SSRİ məkanından Latviya, Belarus, Ukrayna, Moldova, Rusiya, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistanda da 8 Mart rəsmi dövlət bayramı, istirahət günüdür.
Avropa ölkələrindən Serbiya, Xorvatiya, Makedoniya və Monteneqroda 8 Mart rəsmi bayramlar sırasındadır.
Asiyada İsrail, Çin, Monqolustan, Vyetnam, Kamboca, Nepal, Şimali Koreya martın 8-ni bayram edir. Suriyada 8 Mart İnqilab Günü kimi qeyd olunur. Çində martın 8-i qadınlar üçün qısa iş günüdür. Vyetnamda 8 Mart dövlət bayramı olsa da, istirahət günü deyil.
8 Martı rəsmi dövlət bayramı elan etmiş Afrika ölkələri də var: Anqola, Burkina-Faso, Qvineya-Bisau, Konqo, Uqanda, Eritreya.
Mərkəzi Amerikada Kosta Rika, Kuba, Asiyada Laos, Afrikada Madaqaskar 8 Martı rəsmi bayram sayır, amma həmin gün yalnız qadınlar üçün istirahət günüdür.