Prezident İlham Əliyev sosial müdafiə xarakterli iki sərəncam imzalayıb. Novator.az-ın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılır. Eyni cür artım dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşlarına da şamil olunur.
Fevral ayında dövlət başçısı İlham Əliyev pensiya və müavinətləri, prezident təqaüdlərini artıran fərman və sərəncamlar imzalayıb. Əmək pensiyaları yanvarın 1-dən 5,7 faiz artırılıb. Artım pensiyaçıların 94 faizinə şamil olunur.
Fərman və sərəncamların bir hissəsi prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir. Prezident təqaüdü martın 1-dən 10 faiz artırılmaqla şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar əlilləri – I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılır.
Həmçinin sosial müavinət alan birinci qrup əlillərə prezident təqaüdlərinin 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün prezident təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması tapşırılıb.
Prezidentin sərəncamları ilə yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin martın 1-dən 10 faiz artırılması rəsmiləşib.