UEFA-nın klub turnirlərinin 2018-2019 mövsümündən qüvvəyə minən reqlamenti təsdiqlənib. Novator.az bildirir ki, yeniliyə görə, 26 komanda Çempionlar Liqasının qrup raunduna birbaşa çıxır. Klub reytinqində 1-4-cü yerləri tutan UEFA üzvlərinin hər birindən 4 komanda, 5-6-cı yerləri tutanların hər birindən 2 komanda, 7-10-cu yerləri tutanların hər birindən 1 komanda, eləcə də Çempionlar Liqası və Avropa Liqasının qalibləri belə hüquq alır.
Çempionlar Liqası və Avropa Liqasının qalibləri qrup mərhələsinə milli çempionatın yekunu əsasında düşsə, klub reytinqində 5-ci və 11-ci yeri tutan UEFA üzvlərinin hərəsindən 1 komanda qrup raunduna buraxılır.
Qalan 6 vəsiqənin taleyinə seçmə raundlarda aydınlıq gəlir. 4 vəsiqə çempionlar, 2 vəsiqə digər komandalar üçün nəzərdə tutulur. Çempionlar üçün təsnifat mərhələlərinin sayı 5, digər komandalar üçün 3-dür.
Bir UEFA üzvü turnirdə maksimum 5 klubla təmsil oluna bilər.
17 komanda Avropa Liqasına qrup mərhələsindən başlayır. Digər komandaların qrupa yolu 5 mərhələdən keçir.
Çempionlar Liqasının istənilən seçmə mərhələsindən ələnən komandalar Avropa Liqasına vəsiqə alır. Onlar Avropa Liqasında qrupa düşmək üçün bir-birləri ilə oynayır. Bu istiqamət üzrə 3 ələmə mərhələsi olur.