Respublikaçı Alternativ (REAL) Hərəkatı Demokratik Qüvvələrin Milli Şurasının birgə mitinq təklifini yaxın günlərdə müzakirə edəcək.
Fevralın 27-də Milli Şura birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat Partiyasına və REAL Hərəkatına müraciət ünvanlayıb. 2013-cü ildə yaradılmış bu quruma tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.
Cəmil Həsənlinin birgə mitinqlər müraciəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlıdır: “Milli Şura Azərbaycan hakimiyyətinin növbədənkənar seçki məzhəkəsi ilə bağlı boykot qərarı verib. Təqdirəlayiq haldır ki, Müsavat Partiyası, REAL Hərəkatı və bir sıra digər ictimai-siyasi qurum da seçkiyə qatılmamaq və onun nəticələrini tanımamaq haqqında qərarlar verib. Milli Şura mühüm bir siyasi məsələyə münasibətdə müxalifət düşərgəsində yaranmış mövqe yaxınlığını yüksək qiymətləndirir”.
Cəmil Həsənli bildirir ki, Milli Şuranın Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkiyə qarşı kütləvi aksiyaların keçirilməsin zəruri sayır, birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat Partiyasına və REAL Hərəkatına müraciət edir: “Milli Şura belə hesab edir ki, seçkini boykot edən, hakimiyyətin seçki oyununda iştirak etməyən, onun nəticələrini tanımayan bütün siyasi qüvvələrin və ictimai hərəkatların birgə ümumxalq aksiyası xalqın saxta seçki oyununa qarşı müqavimətinin ifadəsində mühüm addım olacaq”.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.
Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Müsavat, Liberal partiyaları, REAL Hərəkatı və başqa bir neçə qurum seçkidə iştirakdan imtina edib.
Fevralın 28-də REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Novator.az-a danışıb. O deyib ki, Milli Şuranın müraciəti yaxın günlərdə müzakirə olunacaq: “Qərarımız hələ yoxdur. Sədrimiz İlqar Məmmədovun da mövqeyini almalıyıq”.
REAL Hərəkatı 2008-ci ildə yaradılıb, hazırda partiyaya çevrilməyə hazırlaşır. Qurumun sədri İlqar Məmmədov həbsdədir, Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.