Mingəçevirə səfər edən prezident İlham Əliyev fevralın 27-də şəhərin içməli su təchizatı sisteminin istismara verilməsi mərasiminə qatılıb.
AZƏRTAC xəbər verir ki, Mingəçevirin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla şəhərdə 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyən qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır
Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib. Artıq magistral kəmərin Kür çayının keçidinə qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib.
Layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, əhali yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.
Şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan üç nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan dörd yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr olacaq qurğuda təmizlənərək kənarlaşdırılacaq.