Ülkər NATİQQIZI
Fevralın 11-i Gürcüstanın Newstbilisi.info portalı mayda Bakı-Vyana marşrutu üzrə ilk sərnişin qatarının yola düşəcəyi haqda məlumat yayıb.
Xəbər təxminən bu formadadır: “2018-ci ilin may ayında ilk sərnişin qatarı Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu ilə hərəkət edəcək. Bunun üçün Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 sərnişin vaqonu da alıb. Vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək”.
Xəbər ilk cümləsindən xarici və yerli oxucular üçün çox maraqlı və sevindirici görünsə də, Gürcüstanın başqa hansı internet portalının bu məlumatı dərc etdiyini yoxlayanda iki-üç saytdan başqa heç yerdə belə xəbər çıxmır. Bu zaman insanın ağlına sual gəlir: “Əgər bu doğru xəbərdirsə, niyə Gürcüstan və Azərbaycanın səlahiyyətli nümayəndələri layihə barədə heç vaxt heç nə danışmayıblar?”
Adətən, elə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də aydın formada anlamaq olur ki, bir neçə ölkəni birləşdirən layihələr həyata keçiriləndə həmin ölkələrin nümayəndələri müxtəlif müsahibələr verərək bu layihədən geniş danışırlar. Amma “Bakı-Vyana” məsələsində heç nəyə rast gəlmək mümkün olmadı. Yayılan məlumatı paylaşan internet portallarının da bir istinad yeri var: Newstbilisi.info.
Xəbər paylaşılandan bir neçə saat sonra artıq Azərbaycanda da bu mövzu ətrafında müzakirələr başlandı. Amma Azərbaycanda vəziyyət Gürcüstandan bir nüansla fərqlənirdi. Bizdə etibar ediləcək media qurumları da o xəbəri paylaşmışdı. Bunun üçün Google-da “Bakı-Vyana marşrutu üzrə sərnişin qatarı” sözlərini yazıb axtarışa vermək kifayətdir.
“Bakı-Vyana marşrutu üzrə ilk sərnişin qatarı mayda yola düşəcək”. Bu xəbəri oxuyan oxucular qısa müddətə sevinc yaşadılar: artıq Vyanaya getməyə marşrut xətti də var, vaqonlar da alınıb, qaldı bircə mayda yola düşmək. Amma məsələ göründüyündən tamamilə fərqli imiş.
Xəbər doğru deyil
Yazının əvvəlində bildirdiyim kimi hansı mənbəyə əsaslandığı bəlli olmayan, eyni zamanda Gürcüstan əhalisi tərəfindən belə etibarlı qəbul edilməyən bir internet portalı “Bakı-Vyana” adlı marşrut xətti yaradaraq bu xətt üzrə qatarları mayda Vyanaya yola salmaq qərarına gəlib. Bu xəbərin sayta haradan verildiyi qaranlıqdır. Yəni xəbərdə tam olaraq yazılmayıb ki, informasiyanı onlara kim ötürüb. Azərbaycan Dəmir Yolları, Gürcüstan, Vyana, yoxsa hara? Bu xəbərin haradan gəldiyini yoxlamaq istəməyənlər isə həmin sayta istinad edərək hazır xəbəri tirajlamağa başlayıblar.
Xəbəri mənbədən yoxlamaq
Məlumatın dəqiq olub-olmadığını yoxlamaq üçün uyğun qurumlara zəng etmək elə də çətin deyil. Bu halda sadəcə Azərbaycan Dəmir Yollarına zəng edərək həqiqətən də belə marşrut xətti üzrə qatarların alınıb-alınmadığını soruşmaq və daha sonra xəbəri paylaşmaq lazım idi. Amma yayılan materiallardan aydın olur ki, zəng edib xəbəri dəqiqləşdirən olmayıb. Əlbəttə, çox insan istəyər ki, Bakıdan Vyanaya sərnişin qatarı getsin. Amma nə etmək olar, hər şey istəklə həll edilmir. Ən azından informasiyanı istəyə uyğun yaradıb ötürmək mümkün deyil.
Azərbaycan Dəmir Yolları QSC ilə açıqlama üçün əlaqə saxlayan zaman məsələyə belə aydınlıq gətirildi: “Son günlər bəzi televiziya kanallarında və internet portallarında, Gürcüstanın Newstbilisi.info saytına istinadən, 2018-ci ilin mayında Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə sərnişin qatarının yola düşəcəyi və bunun üçün Azərbaycanın Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 sərnişin vaqonu alması haqqında informasiyalar yayılıb. Məlumat üçün bildiririk ki, bu informasiyalar həqiqəti özündə əks etdirmir. Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə sərnişin qatarının göndərilməsi məsələsi gündəmdə deyil. Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler Rail Group” şirkətinə 20 ədəd yataq tipli vaqon sifariş edib”.
Xəbərin içindəki “faktları” yoxlamaq
Sadəcə Google-dan istifadə edərək “Stadler Rail Group Alstom” şirkətini internetdə axtarışa verib bu şirkətin Fransa deyil, İsveçrəyə məxsus olduğunu çox asanca bilmək olardı. Nəticədə xəbərin doğru olmadığına şübhə artardı. Bu, əslində çox xırda məsələ kimi görünə bilər. Amma onunla ciddi nəticələrə gəlib çıxmaq olursa, deməli, bu heç də xırda məsələ deyil. Xəbərin doğru olub-olmadığını belə rahat formada – internetdə adicə axtarış verməklə də yoxlamaq mümkündür. Eyni zamanda, əgər belə bir layihə artıq mayda başa çatır və ilk sərnişin qatarı yola düşürsə, layihəylə bağlı heç olmasa hardasa qısa bir məlumat olmalı idi. Amma araşdıranda eyni xəbərdən başqa heç nə tapa bilmədim. Layihə nə zaman başlanıb, ona kimlər imza atıb və s. – bu barədə heç nə yoxdur.
Əslində bu, mediada baş vermiş ilk hadisə deyil. Bir müddət əvvəl də bir çox portal “Keyfi Tur” adlı bir şirkət rəhbərinin 120 nəfər yaşlı kişini Ümrə ziyarəti əvəzinə Rio festivalına aparması xəbərini yayımlamışdı. Amma təəssüflər olsun ki, yayılan o məlumat da doğru deyildi.
Müəllifin başqa yazısı:
Paylaşılan materialı nə zaman silməli?