Fevralın 21-də Qarabağ uğrunda hərəkatın 30 ili tamam olur. 1988-ci ilin həmin günündə Ağdamda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbiylə ermənilərin bir həftə öncə Xankəndidə keçirdiyi mitinqə mitinqlə cavab verildi. Şəhər meydanında toplanan izdiham səhəri günü Xankəndinə yürüş edən insan selinə çevrildi. İlk qurbanları – Əli və Bəxtiyarı da o yürüşdə Əsgəran qalası yaxınlığında verdik.
Olaylara 30 illik məsafə bucağından baxası bir yazı qaralamaq istədim. Bu günkü məğlub durumun başlıca səbəblərindən biri – mənə görə ən birincisi haqda altı il qabaq yazdığım “Azadlıq qiymətinə foto” yazısını bu gün də aktual hesab etdim.
V.Qazi,
20 fevral 2018-ci il
Azadlıq qiymətinə foto
Ömrün ayrı-ayrı anlarına güzgü tutan xatirələrimiz kolleksiyaçıların topladığı bahalı əşyalar kimidi. Onları pulumuz, vaxtımız hesabına, bəzən də lap həyatımız bahasına “alıb” xatirələr muzeyinin eksponatına çeviririk. Elə-belə, “müftə” olanı, “nəfə” qalanları daha çoxdu, beləsindən danışmıram.
Şirinli-acılı min-min xatirənin içində ən yadda qalanı ən “baha” alınanıdı. Xatirələrin dəyəri ona çəkilən “xərc”i gözəyarı da olsa qiymətləndirəndə bilinir. Bunu hər kəs hesablaya bilər.
Bax, mən Rumıniyanın Braşov kurort şəhərində dostların fantastik məbləğ deyib imtina elədikləri bir gecəlik xatirə üçün cibimdəki pulun, yalan olmasın, hamısını xərcləmişdim.
Ağdamdan Şuşaya qalxanda vertolyota dəyən güllənin doğurduğu xatirə lap “baha çıxmışdı” – bütün ömrə çatası qorxunu bir neçə dəqiqədə “israf” eləmişdim.
Krımda dağ başındakı “Çufut-Kala” muzey-şəhərinin sehrinə düşmək üçün isə qızıl kimi neçəsə saatımdan keçmişdim.
Amma bu yazıda öz xatirələrimdən yox, başqa birinin hələ 24 il əvvəl bir ətək pul töküb aldığı fotosunun yaşatdığı xatirədən söz açacam.
***
Uzun illər öncə bir çex dostum Milan Kunderadan yerlisi kimi fəxrlə danışanda, onun eyni adlı əsəri əsasında çəkilmiş “Varolmanın dözülməz yüngüllüyü” filminə baxmağı tövsiyə edəndə heç ağlıma da gəlməzdi ki, orda cərəyan edən siyasi hadisələr bir vaxtlar Ağdamda yaşadığımız olayların oxşarıymış. İllər uzunu heç bir kanalda rastlamadığımın səbəbini dünən bir də baxanda bildim. Filmin xeyli erotik səhnələri də varmış.
Bu yazının ərsəyə gəlməsinə səbəb internetdə baxdığım həmin filmdəki bir epizod oldu – xüsusi xidmət orqanı əməkdaşları 1968-ci ilin məşhur Praqa nümayişlərində iştirak edənləri çəkilən foto və videolardan müəyyən edib tuturdular.
Çexoslovakiya lideri Dubçekin siyasi islahatları, cəmiyyətin liberallaşması insanlarda SSRİ-dən asılılığı azaltmağa, azadlıqların bərqərar olmasına ümid yaratmışdı. Çox çəkmədi, ümidlər “Brejnev doktrinası” ilə 300 min əsgərin çəkməsi, 7 min tankın tırtılı altında qaldı.
Praqanın qanlı baharı 20 il sonra, 1988-ci ilin fevralında Ağdamda təkrarlandı.
Sabahın dalğası dərya dərinliklərində bu gün toparlanır. Ağdamda minlərin başladığı mitinq sonra Bakıda milyonların etiraz dalğasına çevrildi.
Həmin ilin 21 fevralında Ağdamda müasir Azərbaycan tarixinin ilk etiraz mitinqi keçirildi. Səhəri gün Stepanakertə sarı izdihamlı yürüş qərarı da elə o mitinqdə verildi.
Eynən Praqadakı kimi burda da yürüşün qarşısına sovet-rus ordusu çıxdı. Azərbaycanın müstəqilliyi ilə sonuclanacaq yolun başlanğıcında ilk qurbanlar Əsgəran qalası yaxınlığında verildi – Əli, Bəxtiyar öldürüldü, Sahib Şükürov, adını bilmədiyim neçə-neçə adam yaralandı.
Yürüş silah gücünə dayandırıldı! Etiraz səsləri batırıldı! Arxasınca kütləvi həbslər başladı!
İstintaq vaxtı adamların mitinq-yürüşdə iştirakı gizli çəkilmiş fotolarla sübut edildi. Vətənin müdafiəsinə qalxanlar dövlət əleyhinə hərəkətdə ittiham olundular. Praqa hadisələri ilə oxşarlıq elə buradaca bitdi!
Bundan o yana hadisələr Azərbaycansayağı cərəyan elədi. Pulu olmayan tutuldu, pul tapan azadlığını satın aldı. Deyilənə görə, o hadisədə mitinqçilərdən yığılan pul 1970-ci illərin maddi-mənəvi mirası olan pambıq “pripiska”sından əldə olunan gəlirdən də çox imiş.
Bu, torpaq təəssübü çəkən insanların inamını əzmə, iradəsini sındırma, vətəndən incik salma siyasətinin başlanğıcı idi.
Sonra vətənsevənlər bir-bir sıradan çıxarılacaq, vətənin başına vətənsoyanlar gələcəkdi.
Müharibəsi bitməyən ölkədə qəhrəmanlar fərarilərə nökər olacaqdı!
Bu gün ölkəni idarə edənlər arasında vətən uğrunda müharibədə, müstəqillik yolunda mübarizədə iştirak edəni varmı? Amma hakimiyyət zirvələrində müstəqilliyin əleyhinə səs verən, bayrağı təhqir edən, xalq hərəkatı iştirakçılarını tutduran nə qədər desən hakimi-sahib taparsınız!
Çexiyada, oxşar tale yaşayan başqa ölkələrdə belə olmadı. Həbs olunanlardan rüşvət alıb buraxmadılar, mövcud qanun və siyasət çərçivəsində hərəkət etdilər. Sonralar bu siyasət cinayətkar elan olunacaq, qanunlar qüvvədən salınacaq, arxivlər açılıb gizlinlər aydınlığa çıxarılacaq, həmin dövrün hakim zümrəsi xalqın ictimai qınaq obyektinə çevriləcəkdi. Bu qınaq o qədər güclü olacaqdı ki, o vaxtın hakimiyyət təmsilçiləri yeni cəmiyyətdə yaşamağın tək yolunu xalqın lənətlədiyi soyadlarından ailəlikcə imtina edib, tanınmamaq üçün yenisini götürməkdə tapacaqdılar.
Bizdə isə tamam əksinə oldu. Əksi elə bu günümüzdü…
***
Yazı-pozu adamı olduğumu bilən bir tanışım neçə il əvvəl mənə bir şəkil göstərmişdi. Şəkildə o, çoxlu adam əhatəsindəydi. Danışırdı ki, bu fotonu “keqebeşniklər” 1988-ci ildə Ağdamdan Stepanakertə yürüş vaxtı çəkiblər. Sonra onu tutublarmış. Fotonu göstərib yürüşdə iştirakını sübut ediblərmiş.
“Qohum-əqrəbadan, dost-tanışdan istədikləri məbləği topladım. Pulu verəndə müstəntiqdən xahiş elədim ki, o şəkillərin birini mənə versin. Vermək istəmirdi, “istintaq materialıdı” deyirdi. Uzun çək-çevirdən sonra ala bildim. Bax beləcə, şəkil mənə bir “Jiquli”nin qiymətinə başa gəldi”.
Həmin dövrdə Ağdamda o istintaqı aparanlar, onların rəisləri, o rəislərin nazirləri, həmin nazirləri yetişdirən siyasi rejim yönəldiciləri istintaq bir yana, heç xalq qınağına da tuş gəlmədi! Onlar çex həmkarları kimi nəinki soyadlarını dəyişdilər, əksinə, fəxrlə soyadlarını tarixə, tarixin ironiyasına bax, özü də müstəqil Azərbaycanın tarixinə yazdırmaqdadılar.
…Sonra da bəlalarımızın səbəbini orda-burda, onda-bunda axtarırıq.
Vahid QAZİ
Burserid, İsveç
23 iyul 2012-ci il