Ülkər NATİQQIZI
Bu yaxınlarda Azərbaycanın media orqanlarından birinin Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdan eksklüziv müsahibə alaraq onu yayımlaması, daha sonra elə həmin gün heç bir səbəb bildirmədən silməsi məsələsindən yəqin ki, insanların çoxu agahdır.
Müsahibədə Mənsimov onun haqqında mediada yayılan yanlış məlumatlarla bərabər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə arasında olan problemlərə də toxunaraq bildirirdi ki, onun şirkətinə məxsus tankerlər SOCAR-ın zavoduna buraxılmır.
Müsahibə silinəndən bir müddət sonra qarşı tərəfin, yəni SOCAR-ın açıqlamasının dərc olunduğunu qeyd etmədən yazıya davam etmək olmaz. Buna baxmayaraq dərc olunan və sonra silinən müsahibə digər saytlar tərəfindən də paylaşılaraq daha çox oxucuya çatdı, yəni müsahibənin silinməsi artıq heç bir əhəmiyyət daşımırdı.
Bəs material hansı səbəbdən silindi? Səhv, yoxsa qərəz?
Beynəlxalq təcrübəyə baxan zaman bu cür halların tanınmış media qurumlarında da baş verdiyini müşahidə edə bilərik. Hər hansı bir material paylaşılır və daha sonra silinir. Amma hansı səbəbdən və necə?
Paylaşıldıqdan sonra silinən materiallara aid bir neçə misal çəkəcəyim üçün onları 3 hissəyə bölmək istəyirəm: silinən köşə yazıları, araşdırmalar və müsahibələr.
Silinən köşə yazıları. Bu kateqoriyaya misal olaraq Türkiyənin köşə yazarı Mövlud Tezelin “Qarabağ” futbol klubunun oyunu zamanı azarkeşlər tərəfindən hazırlanan plakatı “Futbol tarixində ən əzik və ən gülməli xoreoqrafiya bu olsa gərək” adlandıraraq tənqid etdiyi yazını göstərmək olar. Azərbaycanlı və türkiyəli oxucuların sosial şəbəkələr vasitəsilə etdikləri kəskin tənqidlərdən sonra köşə yazısı rəhbərlik tərəfindən qəzetin saytından silindi və məsələ yazı müəllifinin azərbaycanlı oxuculardan üzr istəməsi ilə sonlandı.
Oxşar hadisə iyun ayında dünyanın tanınmış media qurumlarından olan “The Sunday Times” qəzetində də baş verib. Köşə yazarı Kevin Mayers yazısında BBC-nin iki qadın aparıcısının yəhudi olduqları üçün yüksək məbləğdə maaş aldıqlarını bildirərək onları aşağılayan yazı dərc edib. Yazı qalmaqala səbəb olduğu üçün “The Sunday Times”in rəhbərliyi Kevinin yazısını saytdan silərək köşə yazarını işdən uzaqlaşdırdığını və dərc olunan məqaləyə görə üzr istədiyini bildirdi.
Kanada Jurnalistlər Birliyinin jurnalist etikası kodeksində deyilir ki, media qurumunda yüksək dərəcəli redaktorlardan başqa heç kim paylaşılan materialın silinməsinə qərar verə bilməz. Amma yenə də Mənsimovun müsahibəsinin silinməsində ortaya suallar çıxır. Mənsimov kimi tənqid və yaxud təhqir etmişdi? Həm də bu yazı müsahibə idi, köşə yazısı yox.
Silinən araşdırmalar. Növbəti kateqoriyada isə bu yaxınlarda CNN-də baş verən qalmaqalı misal göstərmək olar. Rusiyanın İnvestisiya Fondunun ABŞ prezidenti Trampın komandası ilə əlaqəsini ortaya çıxaran yazı CNN-in saytından silinib. Nəticədə bu yazını hazırlayan və üzərində işləyən üç jurnalist CNN-dən istefa verərək işdən uzaqlaşıb. CNN-in rəhbərliyi açıqlamasında yazının onların standartlarına cavab vermədiyi üçün silindiyini bildirsə də, baş verən hadisə bir çox media qurumunu “fake news” (saxta xəbər) adlandıran Amerika prezidenti Tramp üçün əla şərait yaratdı və Tramp öz Twitter hesabında CNN-i saxta xəbər yayan media qurumu adlandırdı: “CNN Rusiyaya aid dərc edib paylaşdığı məqaləni saytından silərək 3 işçisini bu səbəbdən istefa verməyə məcbur edib. Bəs hazırladığınız digər saxta materiallar necə? Saxta xəbərlər!”
Silinən müsahibələr. Sonuncu və bizim mövzuya yaxın hadisə isə 2013-cü ildə Vatikanda baş verib. “La Repubblica” onlayn qəzeti Papa Fransisklə olan müsahibəni bir neçə saatdan sonra saytdan silib. Silinməyə səbəb kimi rəhbərlik müsahibədə bəzi xırda səhvlərin olduğunu bildirib. Vatikanda olanlar üçün bəlkə də bu normal hadisədir, çünki müsahibə verən onların müqəddəs Papasıdır, tanınmış iş adamı yox.
Göstərilən 4 real nümunənin hər birində Azərbaycandakından fərqli olaraq açıqlama verilib, materialların saytdan hansı səbəbdən silindiyi oxuculara bildirilib. Amma Azərbaycanda Mənsimovun müsahibəsini dərc etməyən saytlar belə SOCAR-ın açıqlamasını yayımladı.
Mənsimov onun əleyhinə yayımlanan məlumatlardan danışarkən müsahibəsində bu cümləni işlədib: “Mənə maraqlıdır, gecə-gündüz əleyhimizə işləyən saytların rəhbərləri əllərini vicdanına qoyub necə yatırlar?”
Bu cümlədən sonra silinən müsahibənin nə dərəcədə vicdan məsələsi olub-olmadığını isə bunu edənlərdən başqa kimsə bilmir.