Günlər, xarakterlər
- 12 Fevral 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetŞərh
Novator.az “Hansı gündə doğulmağın nə fərqi var?” materialını bütövlükdə təqdim edir.
Ayın 1-də doğulan
1 – bir nömrəli olmaq deməkdir. Ayın 1-də doğulan yaradıcı, təşəbbüskar, orijinal və hədsiz müstəqil insandır. Ondakı özünəinamın iki ziddiyyətli tərəfi var: bir tərəfdən ətraf üçün nümunə ola biləcək etibarlı şəxs, digər tərəfdən başqalarının fikri ilə hesablaşmayan ifrat fərdiyyətçi və eqoistdir.
Çox vaxt lider və təşəbbüskar rolunda çıxış edir – onlar novator və cəsarətlidir. Olduqca iddialı və öz məqsədinə çatmaq üçün riskə getməyə hazır insandır.
Ayın 1-də doğulan insanın mənfi cəhətləri impulsivlik, təkəbbür və inadkarlıqdır.
Təbiətcə təmkinli olduğu üçün o hətta ən yaxın adamlarına belə duyğularını tam və dolğunluqla nümayiş etdirməyə çətinlik çəkir.
Ayın 2-də doğulan
Ayın 2-də doğulan insan öz həssaslığı ilə fərqlənir. Hətta az tanıdığı insanın da istənilən xahişini diqqətdə saxlayır.
İki – balans və güclü ittifaq simvoludur. Bu gündə doğulan biznes üçün əla tərəfdaş, həmkar, dost və həyat yoldaşıdır.
Onun sevgi münasibəti sehrli nağıla bənzəyər.
“İki” çox vaxt vasitəçi və hakim rolunda çıxış edir. O, gözəl diplomatdır: səmimi, görüb-götürmüş, həssas.
2 – rəssam və romantiklərin müqəddəs rəqəmidir. Belə insan komandada əla oyun nümayiş etdirir, amma bununla bərabər təşəbbüs göstərməyə meylli deyil və diqqət mərkəzində olmağı sevmir.
Onun hədsiz utancaqlığı çox vaxt mühüm məsələlərin həllində əsas maneəyə çevrilir.
Həssaslığına görə depressiyaya meylli sayılırlar.
Ayın 3-də doğulan
Üç – bədii təxəyyül, yaradıcı intellekt, ünsiyyət və şəfqət əlamətidir. O, birgəlik və neytrallıq simvoludur.
Ayın 3-də xoşbəxt olmağı və həyatdan zövq almağı bacaran yorulmaz nikbinlər doğulur. Onun üçün aşiq olmaq əbədidir.
Gözəl yumor hissinə malik olur. Əla intuisiyası var, ona görə də mühüm fikirlər və ideyalar qaynağıdır.
“Üç”ün fikrinə xüsusi diqqət yetirmək lazımdır.
“2”də olduğu kimi “3”ün də həssaslığı hərdən başqa səmtə gedir – kədərləndiyi anlarda depressiyaya, əhəmiyyətsiz problemləri şişirtməyə meylli olur.
Ayın 4-də doğulan
Ayın 4-də doğulanlar çətin məsələləri həll etməkdən qorxmayan və uğur naminə əlindən gələni əsirgəməyən məsuliyyətli, vicdanlı, ciddi, etibarlı insanlardır. Ətrafdakılar ona bələddir, ona görə də yardım üçün “dörd”ə müraciət edir və bu xahişlər qulaqardına vurulmur.
Bu gündə doğulan insan əla işgüzar nüfuza malikdir. Öz zəhməti ilə yaxşı var-dövlət qazanmağa qadirdir. Sanki onun bacarmadığı iş yoxdur.
“Dörd”lərin əksəriyyəti dəqiq elmləri seçir. Bu insan uğursuzluğu həyat təcrübəsinin qaçılmaz hissəsi kimi qəbul edərək ona ayıq başla yanaşır. Öz səhvindən düzgün nəticə çıxara bilir və yekunda uğur qazanır. Çətinlik və maneə onda yalnız ehtirası alovlandırır və onu bütün gücünü əsirgəmədən istədiyinə nail olmağa vadar edir.
Ayın 5-də doğulan
5 – azadlıq rəmzidir. Ayın 5-də anadan olan insan bu rəqəmdən necə yararlanmağı və onu təyinatı üzrə necə idarə etməyi əla bilir.
5 – qatı səyahət həvəskarının və macəra axtaranın (avantüristin) əlamətidir. Bu insan ünsiyyətli, hər şeyə maraq göstərən və universaldır.
5 – daha çox dahilərin rəqəmidir.
Ayın 5-də dünyaya gələn insan mistisizmə meylli olur. Bütün sirli, qəribə və naməlum nə varsa onu cəlb edir.
“Beş”ə belə məsləhət vermək lazım gəlir: Bir az ehtiyatlı ol! Tələsik nəticə çıxarma və hadisələri qabaqlama. Səbirsizliyin və tez qərar qəbul etmək istəyin sənə baha başa gələr, uçuruma yuvarlana bilərsən.
Ayın 6-da doğulan
6 – sevgi və qarşılıqlı anlayış, düzgünlük və sədaqət, ailə və dostluq rəmzidir. Ayın 6-da anadan olan insan böyük məsuliyyət hissinə və bədii istedada malik, humanitar fənlərə meylli olur. O, açıq ürəklidir, evdardır, başqalarına gərəkli məsləhətlər verir, çox vaxt da maliyyə cəhətdən yardım edir.
“Altı” – ən gizli sirləri etibar edəcək dərəcədə əla dostdur. Eyni zamanda hədsiz qısqanc və var-dövlətə bağlıdır.
O, hədsiz inadkar, qır-saqqız və yaltaqlıqdan zəhləsi gedən insandır.
Ayın 7-də doğulan
7 – hissləri kölgədə qoyan zəka və müdriklik rəmzidir. Ayın uğurlu günü anadan olan insan (onun doğrudan da həmişə bəxti gətirir) mütaliəni sevir, hər zaman yeni bir şey öyrənməyə və həyatını intellektual fəaliyyətə bağlamağa hazırdır.
Elm və kəşf üçün güclü potensialı var.
Tənhalığı sevir, ideala çatmağa çalışır.
7-nin mənfi cəhətləri qapalılıq, mübahisə ehtirası, dolamağa meyl, təcrid olunmaq adəti, inadkarlıq, qıcıqlanmadır.
Ayın 8-də doğulan
8 – hakimiyyət, himayədarlıq, icra etmək bacarığı və idarəçilik rəmzidir. Ayın 8-də anadan olan insanlar çox vaxt özlərini siyasətə həsr edir, idarəetmə sahəsində ekspert olur, daim gücə söykənir.
O, özünü sevir, tərifi xoşlayır, hamının onu tanımasını arzulayır.
8 – yüksək gəlir və maddi uğuru təcəssüm etdirir.
“Səkkiz”ə təzyiq göstərməyə və ürəyinə yol tapmağa cəhd etməyin – vicdan əzabı ona yaddır.
Mənfi cəhətləri təkəbbürlülüyü, tabeliyində olanlara qarşı qəddarlıq səviyyəsində sərtliyi və səbirsizliyidir.
Çoxlu pul “səkkiz”i korlaya bilər.
Ayın 9-da doğulan
9 – ayın ən sentimental (həssas, xəyallarda üzən) nümayəndələrindən biridir. Fədakar dost, romantik həyat yoldaşı, işgüzar tərəfdaşdır.
“Doqquz”larda yazıçılıq istedadı var – onu puça çıxmağa qoymayın.
Ayın 9-da doğulanın ən parlaq özəlliklərindən biri əliaçıq olmasıdır. Bunu ayın həmin günü doğulan insanın bütün tanışları təsdiq edə bilər.
İncikliyi tez bağışlayır, başqalarının qüsuruna dözümlüdür.
Yeni layihəni heç vaxt gecikdirməyən məsuliyyətli əməkdaşdır.
Dağınıq 9-un yeganə çatışmayan cəhəti şəxsi maliyyəsinə diqqət yetirməməsidir. Əlindəki istənilən məbləği bir anda itirə bilər.
Ayın 10-da doğulan
10 – ən ziddiyyətli rəqəmlərdən biridir. İki müqəddəs rəqəmin birləşməsindən ibarət olduğu üçün onun haqqında belə deyilir: “Ya hər şey, ya heç nə”.
Ayın 10-da doğulan insan sadə və düz yolla hərəkət etməyə öyrəşib, intriqalardan, çətin dönüşlərdən, hiyləgər plandan qaçır. Həmişə ən aydın və düzgün yolu seçir.
Onun təmiz qəlbi və böyük ürəyi var, dostları arasında populyardır və daim ətrafdakıların diqqətini cəlb edir.
“On”a məsləhət – məqsəd və arzularını gerçəkləşdir: arzu və məqsədlərinin həyata keçməsi üçün onları bütün detalları ilə təqdim et və gözdən keçir.
Ayın 11-də doğulan
Heç bir rəqəmin 11 qədər güclü ruhu yoxdur. Ayın 11-də doğulan insan uşaqlıqdan özünə daxili inkişaf və mərhəmət yolu seçir.
Maddi dünya onu narahat edən ən axırıncı məsələdir, o, hər şeydən əvvəl qəlbinin qeydinə qalır.
Bu insan sözün gücünü anlayır, ona görə də bütün deyilənləri yaxşıca götür-qoy edir və heç vaxt boş məsləhət və tövsiyələr vermir.
11-in fikrinə diqqətlə qulaq asmağa dəyər. Əmin olun ki, o, qərar qəbul etməzdən əvvəl bütün mümkün nəticələri hesablayıb. Onun hissiyyatı ekstrasenslik həddindədir.
Ayın 12-də doğulan
Ayın 12-də doğulan insan 1 rəqəmindən möhkəm iradə, həyata nikbin münasibət və sönməyən enerji kimi xüsusiyyətləri götürüb.
2-dən isə o, daxili harmoniya, güc balansı, əla təşkilatçılıq istedadı və ünsiyyət bacarığı alıb.
On iki – bütün bəşəriyyət üçün müqəddəs rəqəmdir, bu amili hesaba almamaq olmaz. Min il bundan əvvəl günün vaxtını, ilin aylara bölünməsini və uzunluq ölçüsünü təyin etmək üçün məhz 12-ni seçiblər. “Onlar dünyanı yaxşıya doğru dəyişə bilər” missiyasının məhz ayın 12-də doğulanların üzərinə qoyulması təsadüfi deyil.
Ayın 13-də doğulan
13 – keçid mərhələsini ifadə edən ən mübahisəli rəqəmdir. Ayın 13-də doğulan insana kiminsə laqeyd qalması mümkün deyil. Bu rəqəmli kodu daşıyan insan həyatı boyu mükəmməlliyə can atır, onun həm şəxsi, həm də iş həyatında daim yeniliklər baş verir. “Sabitlik” sözünü ona heç cür aid etmək olmaz.
Bu günün nümayəndəsinin ən qüsurlu cəhəti ətrafdakılara dözümsüz olmasıdır. Böyük mübahisədən sonra qarşı tərəfə (hətta bağışlanmağa tam layiq olana) nadir hallarda ikinci şans verir.
“13” çox tənbəldir və çox vaxt bu cəhəti ona məqsədinə çatmağa mane olur.
Ayın 14-də doğulan
“14” rəqəmi heç bir məhdudiyyət olmadan mütləq azadlığa inanan insana aiddir. Ona hansısa məhdudiyyət tətbiq etməyə cəhd göstərməyin, çünki həyatınızdan həmişəlik gedə bilər.
Çox həssasdır – onun qəzəbli vaxtına düşsən, acığını sənə tökə bilər. Qəzəbli vaxtında özünü idarə edə bilmir, amma sonra peşmançılıq keçirir.
Xarakter özəlliyi şəhvət hissinin güclü olmasıdır. Ondan ehtiraslı sevgili tapmaq çox çətindir. Tez vurulandır – hətta stabil münasibətdə olsa belə, həmişə daha bir insanı nəzərində saxlayır.
Bu rəqəmli kodu daşıyan insan çox zaman biznesdə uğursuzluğa düçar olur, çünki bu rəqəm maddi sərvətin itirilməsi ilə bağlıdır.
“14” xüsusən öz maliyyəsinə ehtiyatla yanaşamalıdır. O, maliyyə işini qabiliyyətli və etibarlı tərəfdaşa etibar etsə yaxşı olar.
Ayın 15-də doğulan
15 rəqəmi altında ixtiraçı və geniş fantaziyası olan insan doğulur. O, təbiətən texnikadan tutmuş poeziyaya qədər bir çox istedada malik insandır və peşəsində bu bacarıqlarından uğurla istifadə edə bilər.
Amma 15-in çox vaxt ən çətin məsələləri həll etmək üçün səbri və daxili nizam-intizamı çatmır.
İstənilən çətinliyi və problemi çox ürəyinə salır. Amma öz narazılığını büruzə verməyə öyrəşməyib, susmağa üstünlük verir.
15 – həddindən artıq həssasdır, onun kiçik tənqidə də reaksiyası ağrılıdır.
Bu rəqəmli kodun nümayəndəsinin mərhəmət və şəfqət hissi çox yüksəkdir. Başqalarına nisbətən o, insanların ağrısını daha çox duyur. Zəif və köməksiz insanın zülm çəkməsi ilə barışmaq ona çətindir.
Ayın 16-da doğulan
16 rəqəminin sahibi dərindən düşünən analitik dünyagörüşlü və əsl hisslərini çox da büruzə verməyən insandır.
Məsuliyyətli, tərbiyəli, həssas, əliaçıq, müəyyən qədər qapalı və müstəqildir.
Gözəl intuisiyası var.
Hədsiz məsuliyyətli və intizamlıdır.
Gəncliyində istənilən məsələ ilə bağlı öz fikrini açıq söyləməkdən çəkinmir. Amma təəssüf ki, sonradan çox vaxt hoqqabaz və düşük adam kimi qəbul olunur.
İllər keçdikcə “16” daha təmkinli, qapalı, azdanışan, ehtiyatlı olmağa başlayır.
O, qeyri-ciddiliyə nifrət edir: əgər “16” münasibət qurmağa başladısa, deməli, onun hissləri güclü və ciddidir. “16” çox həssas və sadiq tərəfdaşdır.
Ayın 17-də doğulan
17 necə də dözümlüdür! Fiziki cəhətdən belə möhkəm insanın kövrək qəlbi də var amma.
Onu fəth eləmək istəyirsənsə, sevgi və nəvazişini səmimi şəkildə göstər, “17” saxtakarlığı və ikiüzlülüyü sevmir.
Nəcib xarakteri uşaqlıqdan tənqidə tab gətirmir. O, imtina ilə çətin razılaşır. “Yox” sözü onu həmin dəqiqə qəzəbləndirir, hətta aqressivləşdirir.
17 bir şeyə inandısa, onu fikrindən döndərmək mümkün olmayacaq. Özünə qarşı yüksək diqqəti sevir.
Çox vaxt yaradıcı insanlar üçün ilham pərisi rolunu oynayır.
Ayın 18-də doğulan
18 – ədalət carçısının rəqəmidir. Bu insan təkcə şəxsi maraqlarını deyil, dostlarının və həmkarlarının da haqlarını sona qədər müdafiə etməyə hazırdır. Bununla yanaşı o, həddindən artıq mühafizəkardır, istənilən məsələdə yalnız şəxsi təcrübəsinə və biliyinə etibar edir, nadir hallarda başqasının fikrinə qulaq asır.
Kübarlıq “18”in qanındadır. Hansısa səbəbdən öz nüfuzu ləkələnərsə çox əzab çəkər, hətta depressiyaya düşər və nüfuzunu bərpa etmək üçün əlindən gələni əsirgəməz.
Bu insanı öz zahiri görkəmi və ətrafdakıların onu nə qədər cəlbedici hesab etməsi çox narahat edir. Nadir hallarda qeyri-adi vəziyyətə düşür, çünki o, çox ehtiyatlı hərəkət etməyə öyrəşib.
Sevgi münasibətlərində qarşılıqlı hörmətə üstünlük verir.
Belə insanın çox vaxt anası ilə dərin emosional bağlılığı olur, çünki mənəvi dayaq və razılıq onun üçün çox vacibdir.
Ayın 19-da doğulan
Nə əkərsən, onu biçərsən – ayın 19-da doğulan insanın ömür yoluna ən yaxşı bu atalar sözü işıq tutur. Onun həyat ssenarisi güzgülər krallığını xatırladır.
“19” nə dediyinə və nə etdiyinə çox diqqət yetirməlidir. İstənilən əməl (istər xeyirxah, istər çirkin) onun yanından izsiz ötüb keçmir – tale daim hər şeyi qarşısına çıxarır və artıqlaması ilə əvəzini verir.
O, çox vaxt keçmişdəki səhvlərinə görə cavab verməli olur.
“19” enerjili, praktik və tam qərarlı insandır. Stabilliyə üstünlük verir: ailədə və peşəsində nadir hallarda dəyişikliyə qol qoyur.
İliyinəcən materialistdir – onun üçün yalnız əllə toxuna biləcəyi şey dəyərlidir. İstənilən işdəki uğuru yalnız pulla ölçür.
Ayın 20-də doğulan
“20” tənhalığa qətiyyən dözə bilmir. Ətrafında nə qədər çox insan olsa, özünü bir elə yaxşı hiss edir. Gözəl nitqi var və sadiq dostdur, komanda şəklində əla işləyir, kütləvi tədbirlərdə məmnunluqla iştirak edir. Hay-küylü yığıncaqları, konsertləri sevir.
Qonaqpərvər, mehriban, tədbirlidir.
Romantikdir. Musiqi və rəqsləri sevir, böyük yaradıcılıq potensialı var.
Belə insana “bəxtəvərlik” verirlər, çünki sehrli çubuğunu fırladan kimi arzularının çoxu həyata keçir. Amma o, çox vaxt həyatından, əldə etdiyi uğurlardan narazılıq edir, ağlaşma qurur.
Başqasının təsiri altına tez düşür.
Ayın 21-də doğulan
Ayın 21-də doğulan insan həyatı dəlicəsinə sevir, yaşadığı hər günə görə şükür edir.
Çox vaxt zəngin ailədən olur.
İldə iki dəfə baş verən astroloji prosesin – gecə ilə gündüzün bərabərləşməsinin ayın 21-nə düşməsi faktı onun yaradıcı xarakterinə dəlalət edir.
Pula çox bağlıdır, əli də gətirir. “21”dən yaxşı iqtisadçı, bankir, maliyyəçi çıxır. Ona ailə büdcəsinin idarəçiliyini tam etibar etmək olar.
Cəmiyyətdəki şəxsi statusuna və tərəfdaşının durumuna böyük əhəmiyyət verir.
O, sinik və lağlağıçıdır.
Bir zəif nöqtəsi də cinsi asılılığıdır. Amma “21” ülvi duyğunu şəhvətdən ayırmağı bacarır. Ona görə də sevdiyi insana yalnız instinkt və böyük ehtirasın təsiri altında, ya da sadəcə gərginliyini azaltmaq üçün xəyanət edə bilər.
Ayın 22-də doğulan
22 – maarifçilik rəmzidir. Ayın həmin günü doğulan insan başqalarına dərs keçməyi sevir və bunu əla bacarır. Müəllimlik və mühazirəçilik onun üçün yaranıb.
“22” hərtərəfli insandır, geniş dünyagörüşünə görə ona qibtə etmək olar. Kəşf, planetdə və ondan kənarda baş verən ən çətin prosesləri başqalarına anlatmaq missiyası anadangəlmə onun boynuna biçilib. Kosmosa həvəsini buna misal gətirmək olar.
O, verdiyi sözə və gördüyü işə görə məsuliyyəti üzərinə götürməkdən çəkinmir.
Belə insanı mütləq tərifləmək və ona kompliment söyləmək lazımdır. Bu onu xoşbəxt edir.
Müzəffərlik bu rəqəmin alnına yazılıb. Amma o, həyatda nail olduğu uğuru təsadüfdən deyil, gərgin zəhməti hesabına qazanır.
Ayın 22-də doğulan insanlar arasında xeyriyyəçilər az deyil.
Ayın 23-də doğulan
Sirli 23 rəqəmində macəra ehtirası və daim irəli getmək istəyi var. Ayın 23-də doğulan insan bir yerdə dayanmağı xoşlamaz, cəsarətli, cəld, qərarlı, impulsiv, ünsiyyətcildir.
Biznesdə, maliyyə sektorunda və çağdaş yeniliklərin (innovasiyaların) tətbiqində böyük potensiala malikdir. Onun hərtərəfli istedadı var, yüksək intellektinə, yaradıcılıq ehtirası və mütərəqqi fikirlərinə söykənib istənilən sahədə baş çıxara bilər.
O, nikbin, coşqun və hər şeylə maraqlanan insandır.
“23” azadlığı çox üstün tutur, heç kimin qarşısında hesabat verməyi xoşlamır. Onun əks cinsi cəlb etmək üçün böyük cazibə qüvvəsi var, hissiyyatlı cinsi tərəfdaşdır.
“23” çətin durumları və problemləri özünə maqnit kimi çəkir. Bu baxımdan onun həyatını sadə hesab etmək olmaz.
Ayın 24-də doğulan
“24” təhlükəsizlik və loyallıq simvoludur. Təqvimin heç bir gününün nümayəndəsi onun qədər diqqətli və ehtiyatlı deyil. Kiçik bir addım da atanda o, hər şeyi qabaqcadan götür-qoy edir, mümkün nəticələri dəyərləndirir və yalnız bundan sonra qərar verir. Hər işin çətininə getmək ona aid deyil.
“24”ün həyatında yeməyin xüsusi yeri var. Hətta şəxsi restoranını aça və ya gözəl aşpaz kimi məşhur ola bilər.
Onun nümunəvi nizam-intizamı nağıl kimidir.
Ayın 25-də doğulan
25-in həyatını qeyri-adi bacarıq və peyğəmbərlik həddində olan intuisiya idarə edir. Onun təbiətində bir mistika var.
Ayın 25-də doğulan insan inanılmaz dərəcədə həssasdır, onun fikirlərinə heç bir halda laqeyd qalmaq olmaz. Belə insan pis bir əlamət duyduğu üçün son anda öz qərarını dəyişsə, səbəb soruşmadan ona qulaq asmaq gərəkdir.
25-in üstünlüyü hissetmə qabiliyyəti ilə məhdudlaşmır. 2 və 5-in cəmi olan 7 intellekt simvoludur. Düşüncəsiz hərəkət onluq deyil.
Ayın 26-da doğulan
8 rəqəmi 2 və 6-nın cəmidir, iki qapalı sahə isə sonsuzluq əlamətidir. Bu, sonsuz əlaqə simvoludur.
Ayın 26-da doğulan insan ən sadiq dost və həyat yoldaşıdır. Həyat kodu 26 olan insan himayədar rolunu üzərinə götürür: iradəsi, böyük enerjisi, rəhbərlik istedadı, həssaslığı buna imkan verir.
26-nın mənfi xüsusiyyətləri şöhrətpərəstlik, məhdudiyyətsiz hakimiyyət arzusu və ətrafındakıları özünə tabe etdirmək istəyidir.
Bu insan səliqə-sahmanı çox sevir, paklıq və gözəllik onun üçün ən böyük bəxşişdir.
Ayın 27-də doğulan
27 – şəfa göstəricisidir. Bu rəqəmin nümayəndəsi həyatını tibb və səhiyyə sahəsinə bağlayır. O, əsl şəfa adamıdır – çox vaxt da alternativ müalicənin tərəfdarı olur.
Ayın 27-də doğulan insan həssas və emosionaldır, onda dərin mərhəmət hissi var. Ona şəfqətli olmağı, yaxınlarının qayğısına qalmağı öyrətmək lazım deyil, o, qəlbinin hər hüceyrəsi ilə duymağı bacarır.
“27” heç vaxt ümidini itirmir, həyat təcrübəsindən nəticə çıxarır və uğursuzluqdan sonra asanlıqla hər şeyi yenidən başlaya bilir.
Əhvalının qəfil aşağı düşməsi var, səbirsizdir, özünə güvənəndir.
Ayın 28-də doğulan
“28” qanunu simvollaşdıran rəqəmdir. Ayın 28-də anadan olan insanın böyük məsuliyyət hissi var. O, daim hamını nizam-intizama və yazılmış qaydalara əməl etməyə çağırır. Əla hakim olmaq və ya hüquq sahəsində çalışmaq onun qanındadır.
“28”in digər xüsusiyyətləri – heç vaxt öz günahını boynuna almır, daim ətrafdakıların ünvanına ittiham irəli sürməyə meyllidir.
Onun hökmran xarakterini yaradıcılıq fantaziyası və zəngin təsəvvür yaradan “2” yumşaldır.
Ayın 29-da doğulan
29 böyük emosional potensialı olan rəqəmdir. Çox vaxt ifrata yuvarlanır (yəni bu gün sevirəm, sabah nifrət edirəm). Məsələ bundadır ki, “29”un tərkibindəki rəqəmlər bir-birinə əks sonluqlarda yerləşir. 2 rəqəmi ona sülhməramlı və diplomat xarakteri, 9 isə xarizmatik macəraçı xarakteri verir.
Onun pulda bəxti var: yaxşı qazanır, lotereyada udur.
Amma şəxsi həyatı üzərində ciddi işləməli olur, daim özünə uyğun olmayan adama vurulur, çox vaxt cinsi tərəfdaşının yanında müdafiəsizlik hissindən əziyyət çəkir.
Ayın 30-da doğulan
30 işgüzar, müstəqil və iradəli insanın rəqəmidir. Fantastik yaddaşı var, ətraf mühitdən uzaqlaşaraq fikrini əla cəmləyə bilir.
30 yüksək intellekt sahibidir, həssaslığı və iti zəkası ona ən çətin vəziyyətdən çıxmağa imkan verir.
Həyatı hadisələrlə doludur, onun yanında darıxmazsan.
Baş verən hadisəyə qərəzsiz qiymət vermək istəsəniz, ayın 30-da doğulan insandan soruşun. O, həqiqəti üzə deməkdən utanmayacaq və praktiki məsləhət verərək yardımçı olacaq.
Ayın 31-də doğulan
31 məqsədli və müstəqil insanın rəqəmidir. Həyatın ona verdiyi bir imkanı da boş buraxmır. Xüsusi fərdi dəsti-xətti və yaradıcı yanaşması onun hər işində özünü büruzə verir. Boynuna götürdüyü istənilən işi sonadək yerinə yetirir. Bu xüsusiyyəti ona cəmiyyətdə yüksək mövqe qazanmağa kömək edir. Cəsarət tələb olunan layihələrə əla təşkilatçılıq edir.
31 gedilmiş yolla getməyi sevmir, həmişə yeni yol və istiqamət axtarır. Stabilliyə və sədaqətə dəyər verir. Onu aldatmağa çalışmayın, yoxsa 31-in etibarını həmişəlik itirərsiniz.
Səidə Hüseynova